Tokio, 8 sentyabr , /AJMEDIA/
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Qazaxıstanın Konstitusiya Məhkəməsinin 28-ci ildönümünə həsr olunmuş “Konstitusiya ədalət mühakiməsi: hamı üçün ləyaqət, azadlıq və ədalət” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Ombudsman Aparatının mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, xarici ölkələrin Konstitusiya məhkəmələrinin rəhbər şəxslərinin, ombudsmanların və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxışı zamanı müvəkkil ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, yaradılmış yeni hüquq müdafiə mexanizmləri barədə məlumat verib. İnsan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində Ombudsman institutları ilə Konstitusiya məhkəmələri arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayan S.Əliyeva ölkəmizdə bu sahədə yaradılmış müsbət əməkdaşlıq əlaqələrindən bəhs edib, fəaliyyət dövrü ərzində indiyədək müvəkkil tərəfindən Konstitusiya Məhkəməsinə ünvanlanmış 40-dan çox sorğuya baxıldığını bildirib.
Ombudsman Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin 30 il ərzində işğal altında saxlanıldığını, bir milyondan artıq soydaşlarımızın hüquqlarının kobud şəkildə pozulduğunu, qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edib, hazırda Azərbaycan dövləti tərəfindən keçmiş məcburi köçkünlərin hüquqlarının bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
S.Əliyeva işğal dövründə ərazilərimizdəki infrastrukturun tamamilə dağıdıldığını, Ermənistan tərəfindən torpaqlarımızda mina terroru törədildiyini, beynəlxalq və humanitar hüququn kobud şəkildə pozulduğunu bildirib. Ombudsman İkinci Qarabağ müharibəsindən indiyədək minaların və hərbi sursatların partlaması nəticəsində 300-dən çox şəxsin həyatını itirdiyini və ya ağır yaralandığını qeyd edib.
Müvəkkil tərəfindən istər Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə dünya ictimaiyyətinə müraciətlərin edildiyi, faktlara əsaslanan hesabat və bəyanatlar hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara, Ombudsman və milli insan hüquqları təsisatlarına təqdim olunduğu konfrans iştirakçılarının diqqətinə çatdırılıb.