Ölkəmiz ilk beynəlxalq şəhərsalma tədbirinə – “Azərbaycan Milli Şəhərsalma Forumu”na ev sahibliyi edəcək

Tokio, 4 oktyabr , /AJMEDIA/

Milli rifahın təmin edilməsi və işğaldan azad olunmuş ərazilərin bərpası üzrə dayanıqlı şəhərsalma sahəsində əldə edilmiş nailiyyətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi və şəhərlərin inkişafı üzrə tətbiq edilən inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yanaşmaların paylaşılması son dərəcə vacibdir. Belə beynəlxalq platformanın yaradılması məqsədilə Azərbaycanda ilk dəfə “Milli Şəhərsalma Forumu” keçiriləcək.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya bildirilib ki, Forum oktyabrın 5-6-da Ağdam və Bakı şəhərlərində təşkil olunacaq.
Sözügedən Forum BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı və Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) təşkilati dəstəyi ilə keçiriləcək. Post-konflikt şəraitində yenidənqurma və reabilitasiyanın, o cümlədən konflikt sonrası bərpanın əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA) diqqət təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə yaşayış vasitələrinin bərpası və bu torpaqlara həyatın qaytarılması üçün Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin potensialından istifadəyə yönəldiləcək.
İlk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetiriləcək.
Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq.
Forum haqqında, habelə çıxış edəcək spikerlər, gündəlik və digər detallar haqqında ətraflı məlumat əldə etmək üçün www.nufa.az internet səhifəsinə daxil olmaq olar. İlk Azərbaycan Milli Şəhərsalma Forumu onlayn olaraq rəsmi internet səhifəsi üzərindən də canlı yayımlanacaq.
Azərbaycan Milli Şəhərsalma Forumu 2022-ci ilin oktyabr ayı üzrə şəhərsalma məsələlərinə həsr olunmuş aylıq silsilə tədbirlər çərçivəsində təşkil ediləcək. Belə ki, 2022-ci ildə şəhərsalma məsələlərinə həsr olunmuş aylıq silsilə tədbirlərə oktyabrın 3-də “Karbonsuz dünya üçün şəhərlərdə fəaliyyətin sürətləndirilməsi” mövzusuna həsr edilən Ümumdünya Yaşayış Məskənləri Günü ilə start veriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts