Site icon AJMEDIA Azərbaycanca

“Odlar Yurdu və Gündoğan ölkədə Qadınlar bayramı” adlı tədbir keçirilib.

Tokio, 3 mart , /AJMEDIA/

Ənənəvi olaraq, hər ilin 3 mart tarixində Yaponiyada “Hinamatsuri” – “Qızlar bayramı” qeyd edilir.

AJMEDIA xəbər verir ki, bu münasibətlə bu gün Bakı Avropa Liseyində (BAL) liseyin ibtidai sinif müəllimi Aytəkin Axundovanın rəhbərliyi ilə 3a2 sinif şagirdləri “Odlar Yurdu və Gündoğan ölkədə Qadınlar bayramı” adlı tədbirlə çıxış ediblər. Qeyd etmək lazımdır ki, yapon xalqının köklü bayramlarından olan “Hinamatsuri” Azərbaycanda ilk dəfə qeyd olunub. Tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin üçüncü katibi, Mədəniyyət və Məlumat şöbəsinin rəhbəri Ono Taichi, Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumtəhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, Milli Olimpiya Komitəsi Marketinq idarəsinin rəhbəri Mehman Kərimov və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Səkinə Vəliyeva, Bakı Dövlət Universitetinin yapon dili müəllimləri, liseyin müəllim və şagird kollektivi və digər dəvətli qonaqlar iştirak ediblər.

Azərbaycanın və Yaponiyanın Dövlət himnləri səsləndikdən sonra BAL-ın təlim-tərbiyə işləri üzrə direktor müavini Səadət Cahandarova çıxış edərək, 2022-ci il Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı xoş təmannalarını çatdırmaqla bu illər ərzindəki uğurlu əməkdaşlığı vurğulayıb. Direktor müavini qeyd edib ki, 2019-cu il OCEP layihəsi çərçivəsində BAL Avropa mədəniyyətinin təmsilçisi qismində Norveçi layiqincə təmsil etmişdir. 2022-ci il üçün isə OCEP çərçivəsində liseyimiz bənzərsiz mədəniyyət ölkəsi olan Yaponiyanı təmsil edir. Bu mötəbər təmsilçiliyin liseyimizə həvalə olunmasından böyük məmnunluq duyuruq. Salonda əyləşən dəyərli xanımlarımızı təbrik edirəm.

Daha sonra 3a2 sinif şagirdləri Azərbaycan və yapon dilində çıxış edərək “Hinamatsuri” bayramı ilə bağlı təqdimat edib, bayramın simvolik “Ureşiy Hinamatsuri” (Şən Qızlar bayramı) mahnısını ifa edib, yapon dilində haykular səsləndirib, ənənəvi yapon rəqsi və milli rəqsimiz “Naz eləmə” ilə qonaqları valeh ediblər.
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin üçüncü katibi, Mədəniyyət və Məlumat şöbəsinin rəhbəri Ono Taichi qədim köklərə malik “Hinamatsuri” bayramını qeyd etməklə Yaponiya mədəniyyətinə olan ehtiramdan dolayı BAL-a xüsusi təşəkkürünü bildirib. Şagirdlərin əməyini yüksək qiymətləndirən katib onları ürəkdən təbrik edib.
Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumtəhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev çıxış edərək öz təəssüratlarını bölüşüb. Tədbirin əhəmiyyətini vurğulayan F.Qarayev yapon dilində olan çıxışlara xüsusi diqqət çəkərək bildirib ki, şagirlərin dünyanın ən çətin dillərindən hesab olunan yapon dilini az yaşda bu qədər gözəl mənimsəmələrini və Yaponiyanı bu qədər gözəl şəkildə təmsil etmələrini sadəcə heyranlıqla izlədim.
Milli Olimpiya Komitəsi Marketinq idarəsinin rəhbəri Mehman Kərimov xalqlar arasındakı dostluğun ən gözəl nümunəsini bu cür mədəni tədbirlərin təşkilində gördüyünü bildirib. BAL-ın mədəniyyət təmsilçisi kimi böyük təcrübəsinə toxunan M.Kərimov liseyin 2022-ci ildə Yaponiyanı da layiqincə təmsil edəcəyinə əminliyini səsləndirib. Şagirdləri mükəmməl çıxışları münasibətilə təbrik edib.

Qeyd etmək lazımdır ki, tədbir çərçivəsində “Hinamatsuri” bayramının əsas simvolu olan hina gəlinciklərinin nümayiş etdirildiyi hinadan (çoxlu sayda pillərdən ibarət qırmızı platforma) sərgilənib. Eyni zamanda, liseyin foyesində şagirdlərin Yaponiya mədəniyyətinə həsr olunan rəsm əsərlərindən ibarət sərgi təqdim olunub.
Tədbir şagirdlərin və qonaqların xatirə şəkli çəkdirməsi ilə yekunlaşıb.

Exit mobile version