Nyu-Yorkda “Etimad, qlobal idarəçilik, iqlim fəaliyyətləri: BMT-də Gələcəyin Sammiti ilə COP29-un bağlantısı” adlı tədbir keçirilib

Tokio, 26 sentyabr, /AJMEDIA/

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində “Etimad, qlobal idarəçilik, iqlim fəaliyyətləri: BMT-də Gələcəyin Sammiti ilə COP29-un bağlantısı” adlı yüksək səviyyəli tədbir keçirilib.

AJMEDIA xəbər verir ki, Mərkəzin prezidenti Vaira Vika Frayberqa BMT Baş Assambleyası çərçivəsində keçirilmiş “Gələcəyin Sammiti” barədə danışaraq bir sıra aktual və narahatlıq doğuran mövzuların müzakirə olunduğunu bildirib və dünyanın üzləşdiyi çətinliklərin həlli üçün birgə fəaliyyətin vacibliyini qeyd edib. O bildirib ki, bütün çətinliklərə baxmayaraq, onların həlli istiqamətində irəliləmək mümkündür.

Daha sonra çıxış edən COP29-un prezidenti Muxtar Babayev COP29-un Paris Sazişi və qlobal iqlim fəaliyyəti və əməkdaşlığı üçün müəyyənedici sınaq olacağını bildirib. Onun sözlərinə görə, COP29 Sədrliyi əvvəlki vədləri yerinə yetirmək və ən aktual problemləri həll etmək istiqamətində işləyəcək: “COP28-də əldə edilmiş BƏƏ Konsensusu 1,5 dərəcəni əlçatan yerdə saxlamaq üçün vacib yol xəritəsi idi. COP29 Sədri olaraq, biz inklüziv nəticələr verən proses çərçivəsində öz məqsədlərini həyata keçirmək üçün tərəfləri dəstəkləməyə sadiqik”. COP29 Sədrliyi Paris Sazişinin məqsəd və ambisiyalarına cavab vermək üçün vacib olan 6-cı maddəyə üstünlük verəcək. O bildirib ki, iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələr üçün maliyyə çox zaman əlçatmaz olur. COP29 Prezidenti çoxtərəfli inkişaf banklarını və maliyyə institutlarını güzəştli maliyyəyə çıxışı yaxşılaşdırmağa çağırmağa davam edəcəklərini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının Tedros Adhanom Qebreyesus sağlamlıq mövzusunun iqlimlə bağlı təcili addım atılmasını tələb edən ən vacib mövzulardan biri olduğunu deyib. Onun sözlərinə görə, iqlim böhranının aradan qaldırılması respirator xəstəliklərdən ürək xəstəliklərinə qədər bir çox sağlamlıq problemlərinin həlli üçün də müsbət təsirlərə malik olacaq.

Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey çıxışında deyib ki, dünyada 50 milyon insan köləlik vəziyyətində yaşayır və iqlim dəyişikləri nəticəsində onların sayı artır. Onun sözlərinə görə, COP tədbirlərin keçirilməsi və insanların bir araya gələrək bu mövzuları müzakirə etməsi çox vacibdir.

Tədbirdə BMT-nin İnkişaf Proqramının Administratoru Axim Stayner, BMT Sivilizasiyalararası Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin vitse-prezidenti İsmail Saregeldin və idarə heyətinin digər üzvləri, BMT Agentliklərinin nümayəndələri, ekspertlər çıxış edərək “Gələcəyin Sammitində toxunulan məsələlərlə bağlı atıla biləcək addımlar, iqlim maliyyəsinin cəlb olunması, daha çox dəstəyə ehtiyacı olan ölkələr üçün görülə biləcək işlər, qlobal idarəçiliyin yenidən qurulması, şəffaflıq barədə müzakirələr aparıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts