“Nuri” raketinin buraxılışı texniki səbəblərdən təxirə salınıb

Tokio, 25 may , /AJMEDIA/

Cənubi Koreya kosmos proqramı çərçivəsində özünün milli istehsalı olan KSLV-2 (“Nuri”) kosmik raketinin mayın 24-nə planlaşdırılan buraxılışı təxirə salınıb.
AJMEDIA xəbər verir ki, Cənubi Koreyanın Elm və İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi son hazırlıq mərhələsində mühəndislərin işəsalma sistemində rabitə problemini aşkarlamasından sonra buraxılışın təxirə salınmasına qərar verildiyini açıqlayıb. Texniki problem raketin buraxılışına bir neçə saat qalmış yanacaq doldurulması başlamazdan əvvəl aşkarlanıb. Raketin buraxılışının tarixi barədə yekun qərar yoxdur.
Qeyd edək ki, Cənubi Koreya mütəxəssislərinin hazırladıqları “Nuri” raketinin üçüncü buraxılışı Naro kosmodromunda yerli vaxtla saat 18:24-ə planlaşdırılmışdı. Çəkisi 200 ton olan raketin 8 peyki orbitə çıxarması gözlənilir. Bunlardan biri şərti, biri raketin imkanlarını test etmək üçün nəzərdə tutulan, digərləri isə ən son nəsil müxtəlif təyinatlı peyklərdir.
Ötən ilin iyununda “Nuri” raketi sınaq tapşırığında şərti peyki Yer səthindən 700 kilometr yüksəkliyə qaldırıb. Cənubi Koreya bu uğurla Rusiya, ABŞ, Fransa, Çin, Yaponiya və Hindistandan sonra çəkisi bir tondan çox yükü orbitə qaldıran raket istehsal edə bilən 7-ci ölkə adını qazanıb. Hökumət “Nuri” raketinin hazırlanması üçün 2010-cu ildən bəri 1,8 milyard ABŞ dolları vəsait sərf edib. “Nuri” 2021-ci ildə ilk cəhddə 700 kilometr yüksəkliyə qalxsa da, şərti peyki orbitə çatdıra bilməmişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts