“NUR Art House” qalereyasında “Tekstil sənətində seçilmiş əsərlər” adlı sərgi açılacaq

Tokio, 10 sentyabr , /AJMEDIA/

Sentyabrın 16-da “NUR Art House” qalereyasında türk professor Elvan Özkavruk Adanırın əsərlərindən ibarət “Tekstil sənətində seçilmiş əsərlər” adlı sərgisi açılacaq.
AJMEDIA xəbər verir ki, sərgi sentyabrın 19-dək davam edəcək.
Sənətkarın yaradıcılığının ana xəttini vətəninin multikultural mahiyyətinin nümayişi, ənənəvi tekstil texnikalarının müasir şərhi təşkil edir.
Tanınmış sənətçi və tədqiqatçı Elvan Özkavruk Adanır tekstilin gündəlik həyatda böyük əhəmiyyət kəsb etdiyi Türkiyədə yaşayıb-yaradır. Qitələrin kəsişməsində, mədəni müxtəliflikdən qaynaqlanaraq heterogen elementlər toplusuna çevrilən zəngin mədəniyyətə malik qardaş ölkədən dünyaya səslənən sənətkar əsərlərini müxtəlif üsullardan istifadə etməklə tamaşaçıya çatdırır. Rəqəmsal çap, ekran çapı, tikmə, toxuculuq, keçə istehsalı və s. üsullarla özünü ifadə edir. Sənətkar yaradıcılığında multikultural ənənələr vasitəsilə bəşəriyyəti narahat edən uşaq istismarı, qadınlara və uşaqlara qarşı fiziki və cinsi zorakılıq, erkən nikahlar kimi problemlərə diqqət çəkməyə çalışır.
Qeyd edək ki, Elvan Özkavruk Adanır Ege Universiteti Mühəndislik fakültəsini Tekstil mühəndisliyi ixtisası üzrə bitirib. “Dokuz Eylül” Universitetinin Sosial Elmlər İnstitutunda 1992-ci ildə magistr dərəcəsini, 1997-ci ildə İncəsənətdə Yetərlilik dərəcəsini alıb. 1999-cu ildə fəlsəfə doktoru, 2002-ci ildə dosent, 2008-ci ildə professor olub. Ərsəyə gətirdiyi bir çox kitabdan əlavə, kitab bölmələri və məqalələr dərc etdirib, bir çox beynəlxalq biennale və sərgilərdə iştirak edib. 2011-ci ildən İzmir İqtisadiyyat Universitetinin İncəsənət və Dizayn Fakültəsinin Tekstil və Moda Dizaynı kafedrasının müdiri vəzifəsində çalışır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts