Site icon AJMEDIA Azərbaycanca

Novruz bayramının yüksək səviyyədə qeyd olunması xalqın mədəni keçmişinə ehtiramın göstəricisidir

Tokio, 20 mart , /AJMEDIA/

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Novruz bayramı münasibətilə şənlik keçirilib.

İnstitutdan AJMEDIA-ya bildirilib ki, müəssisənin baş direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara sağlamlıq, xoşbəxtlik və elmi fəaliyyətlərində uğurlar arzulayıb. Akademik qeyd edib ki, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bolluğun, bərəkətin və xeyirxahlığın rəmzidir. Novruz həm də sülh, əmin-amanlıq və dostluq bayramıdır. Müstəqillik əldə etdikdən sonra milli bayramımız nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da soydaşlarımız tərəfindən qeyd edilir.

“Bu gün Novruz bayramının yüksək səviyyədə qeyd olunması xalqın mədəni keçmişinə ehtiramın göstəricisidir. Biz çox xoşbəxtik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən azad olunmuş Qarabağ torpağında da Novruz bayramını qeyd edə bilirik. Bu sevinci bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik”, – deyə İ.Hüseynova əlavə edib.

Tədbirdə, həmçinin xonça müsabiqəsi keçirilib. İnstitutun hər bir laboratoriya və şöbəsinin təqdim etdiyi bayram xonçaları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının hazırladığı xonça müsabiqənin qalibi seçilib.

Exit mobile version