Novruz bayramı Londonda da qeyd edilib

Tokio, 27 mart, /AJMEDIA/

Sevil Aslanovanın rəhbərliyi və təşkilatçılığı ilə London Azərbaycanlı Qadınlar Klubunun nümayəndələri və soydaşlarımız Yunus Əmrə Mərkəzində Novruz bayramını qeyd ediblər. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi anılıb.

AJMEDIA xəbər verir ki, tədbirdə Sevil Aslanova və klubun idarə heyətinin üzvləri çıxış ediblər.

Sonra Avropanın müxtəlif ölkələrdən olan diaspor (Azərbaycan, Türkiyə, Niderland, Danimarka, Kanada, Almaniya, Kipr) rəhbərlərinin videotəbrikləri təqdim olunub.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin ikinci katibi Eltay Aslanov, Britaniya-Azərbaycan Cəmiyyətinin rəhbəri Hafiz Baxşəliyev, Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Hicran Stoqdon-Seyidova, Kembric Universitetinin professoru Qərib Mürşidov və başqaları Novruz bayramının ənənələrindən söz açıblar.

İngiltərədə təhsil alan azərbaycanlı tələbələrin milli geyimdə iştirakı, soydaşlarımızın adət-ənənələrimizi həvəslə təbliğ etməsi, uşaqların yumurta döyüşdürməsi və tonqaldan tullanması bayram tədbirinə xüsusi rəng qatıb.

Qonaqlara ənənəvi Novruz şirniyyatları – şəkərbura, paxlava, qoğal və digər ləziz təamlar təqdim edilib. Tədbir çərçivəsində İngiltərədə yaşayan soydaşlarımızın əl işləri və kitabları da sərgilənib. Bu, milli irsimizin yaşadılması və təbliği baxımından əhəmiyyət daşıyır.

Tədbir zamanı, həmçinin Sevil Aslanovanın Azərbaycan Mədəniyyət Mərkəzinin vitse-prezidenti olaraq həyata keçirmək istədiyi yeni layihə haqqında məlumat verilib. Bu layihə çərçivəsində Azərbaycan Dil Klubu, Azərbaycan rəqsləri üzrə dərslər (böyük və kiçik yaşlılar üçün), milli musiqi alətləri dərsləri və Azərbaycan dili sinfi fəaliyyət göstərəcək. Bu təşəbbüs İngiltərədə yaşayan azərbaycanlıların milli kimliyini qorumasına, dilimizin, mədəniyyətimizin gələcək nəsillərə ötürülməsinə töhfə verəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts