Tokio, 1 fevral , /AJMEDIA/
Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar ərəb ölkələrində məntəqə seçki komissiyaları yaradılıb.
Ölkəmizin Dubaydakı baş konsulluğundan AJMEDIA-ya bildirilib ki, növbədənkənar prezident seçkiləri ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 16 saylı Yasamal 2-ci seçki dairəsi üzrə 56 saylı məntəqə seçki komissiyası yaradılıb. Baş konsulluq bu şəhərdə yaşayan Azərbaycan vətəndaşlarına xatırladıb ki, onlar seçkilər günü öz sənədlərini (pasport, şəxsiyyət vəsiqəsi) məntəqə seçki komissiyasına təqdim etməlidirlər.
Daha üç məntəqə seçki komissiyası İordaniyanın paytaxtı Əmmanda, BƏƏ-nin paytaxtı Əbu-Dabidə və Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Azərbaycanın bu ölkələrdəki səfirliklərinin inzibati binalarında yaradılıb. Diplomatik nümayəndəliklərin müraciətlərində qeyd olunub ki, növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan vətəndaşların seçkilərdə iştirakını təmin etmək məqsədilə məntəqə seçki komissiyaları formalaşdırılıb.
Bu ölkələrdə səsvermə yerli vaxtla saat 08:00-dan 19:00-a qədər keçiriləcək.