Norveç universitetlərində əcnəbi tələbələr üçün təhsil haqqı tətbiq edilir

Tokio, 27 mart , /AJMEDIA/

Norveç universitetlərində əcnəbi tələbələr üçün təhsil haqqı tətbiq edilir.
AJMEDIA Norveç KİV-lərinə istinadla xəbər verir ki, bu ildən etibarən Norveçdə əcnəbi tələbələrdən təhsil haqqı tələb olunacaq. Təhsil haqqının müəyyən edilməsi məqsədilə xüsusi hesablama sistemini təyin edən qanun qəbul olunub.
Hələ 2022-ci ilin oktyabrında Krallıq hökuməti yeni tələbələr üçün təhsil haqqının tətbiq edilməsinə dair plan işləyib hazırlayıb. Həmin plan Norveç parlamenti (stortinq) tərəfindən təsdiq edilib.
Norveçin ali təhsil və tədqiqatlar naziri Ola Borten Moe bildirib ki, bu vaxta qədər əcnəbilərin Norveçdə pulsuz təhsil ala bilməsinə baxmayaraq, Norveç tələbələri xarici ölkələrin əksəriyyətində təhsil haqqını ödəməyə məcbur olublar.
“Norveç — bütün əcnəbi tələbələrə pulsuz təhsil təklif edən çox az sayda ölkələrdən biridir. Eyni zamanda, Norveç tələbələri əksər hallarda digər ölkələrdə təhsil haqqı ödəməlidir”, — deyə o qeyd edib. Nazir vurğulayıb ki, onun bildiyinə görə, Almaniyanın bir neçə ərazisi istisna olmaqla, heç bir digər Avropa ölkəsi əcnəbi tələbələr üçün pulsuz təhsil təklif etmir. “Norveçdə vəziyyətin başqa cür olması üçün heç bir səbəb yoxdur”, — deyə o əlavə edib.
Lakin Norveç hökuməti yeni qaydalarda bir neçə istisna etməyə qərar verib. Təhsil haqqını ödəməkdən azad edilmiş şəxslərin siyahısına Avropa İttifaqının müvəqqəti direktivinin şamil olunduğu qaçqınlar, mübadilə üzrə tələbələr, eləcə də bundan əvvəl Norveçdə işləyən və ya təhsil alan şəxslər daxildir. Bundan əlavə, Avropa İttifaqı ölkələri və Şengen zonasına daxil olan ölkələrdən olan tələbələr də təhsil haqqını ödəməkdən azad olunacaq.
Özəl universitetlər və kolleclərə gəldikdə, onların əksəriyyətində təhsil hal-hazırda ödənişlidir. Lakin yeni qaydalarda qeyd olunur ki, bu təhsil müəssisələri aldıqları dövlət subsidiyalarından əcnəbi tələbələrin təhsilinə cari xərclərin ödənilməsi üçün istifadə edə bilmirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts