Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib

Tokio, 16 Noyabr, /AJMEDIA/

Noyabrın 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan olunan “Nizami Gəncəvi İli” çərçivəsində Gəncədə Beynəlxalq elmi konfrans keçirilib.

AJMEDIA-nın bölgə müxbiri xəbər verir ki, Təhsil Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Dövlət Universitetinin və İstanbul Universitetinin təşkilatçılığı ilə dahi şair Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar keçirilən Beynəlxalq elmi konfransda iştirak edən tanınmış alimlər dahi şairin yaratdığı əvəzsiz xəzinənin əhəmiyyətindən danışıblar.

Konfrans iştirakçıları əvvəlcə Gəncənin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, sonra dahi şairin məqbərəsini ziyarət edib, Nizami Muzeyi ilə yaxından tanış olublar.

Universitetin 2-ci korpusunun akt zalında işə başlayan beynəlxalq konfransda Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan mərd oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı açan universitetin rektoru Yusif Yusibov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə Azərbaycan xalqının göstərdiyi şücaətdən danışıb, istər müharibədən əvvəl, istərsə də müharibə dövründə qardaş Türkiyənin, eləcə də şəxsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanı dəstəkləməsini ölkələrimizin həmişə bir yerdə olmasının göstəricisi kimi dəyərləndirib.

“Nizami Gəncəvi İli” çərçivəsində keçirilən konfransın əhəmiyyətindən söz açan rektor bildirib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamışdır. Nzami irsi hər zaman dünya alimlərinin diqqət mərkəzində olub. Ölkəmizdə Nizami irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb, elmi-tədqiqat işləri aparılıb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi isə dahi şairin irsinin daha dərindən öyrənilib tədqiq edilməsində yeni imkanlar açıb. Belə ki, qədim və zəngin Azərbaycan mədəniyyətinin nadir simalarından olan dahi şair, humanist mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi nəinki ölkəmizdə, eləcə də bir çox xarici ölkələrdə təntənə ilə qeyd olunub ki, bu da milli-mənəvi dəyərlərimizin dövlət səviyyəsində himayə edilməsinin nümunəsi kimi qiymətləndirilə bilər. Bundan başqa keçirilən bu tədbirlərdə qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığından ətraflı bəhs edilib.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, dahi şairin 880 illiyi ilə əlaqədar dövlət başçısının imzaladığı Sərəncama uyğun olaraq şairin vətənində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb və konfransın işinə uğurlar arzulayıb.

Türkiyə Respublikasının Gəncədəki baş konsulu Zeki Öztürk çıxışında qardaş ölkələrimizin bütün sahələrdə, o cümlədən mədəni əlaqələrin genişləndirilməsində həyata keçirilən tədbirlərdən danışıb, dahi söz ustası Nizami Gəncəvinin Türkiyədə dərindən öyrənilməsi və tədqiq olunması sahəsində qazanılan uğurlardan bəhs edib.

İstanbul Universitetinn rektoru Mahmut Ak, İzmir Katip Çelebi Universitetinin rektoru Saffet Köse, Gəncə Dövlət Universitetinin müəllimləri Vüsal İsgəndərov və Bayram Apoyev, İstanbul Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru İlyas Topsakal şairin əsərlərindən nümunələr səsləndirərək təhlil ediblər.

Nizami Gəncəvi və Yunus Əmrə panellərində isə İstanbul Universitetinin Türkşünaslıq İnstitutunun direktoru Mustafa Balçının, həmin universitetin ədəbiyyat fakültəsinin dekanı Hayati Develinin məruzələri dinlənilib.

Konfrans öz işini bölmə iclaslarında davam etdirib.

Gəncə Dövlət Universitetinin 5-ci tədris binasında yerləşən “Yunus Əmrə” adına mühazirə otağının, həmçinin universitetin əsas tədris binasında “Nizami Gəncəvi” adına konfrans zalının açılışları da olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts