“Nizami Gəncəvinin 880 illiyi (1141–2021)” xatirə nişanının təqdimatı olub

Tokio, 31 dekabr, /AJMEDIA/

Dekabrın 30-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanının təqdimat mərasimi keçirilib.

AJMEDIA xəbər verir ki, döş nişanı “Nizami Gəncəvi İli”nə töhfə verən elm və incəsənət xadimlərinə təqdim edilib.

Tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışı zamanı bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 5 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanı təsis edilib və xatirə nişanı Nizami irsinin təbliği və tanıdılmasında mühüm xidmətləri olan şəxslərə təqdim olunur.

Mədəniyyət nazirinin birinci müavini deyib: “Biz Nizami Gəncəvi ilinin son günlərini yaşayırıq. Qələbəmizin birinci ildönümü simvolik olaraq “Nizami Gəncəvi İli” elan olunub. Bununla bağlı pandemiya şəraitinə baxmayaraq bir sıra tədbirlər keçirilib. Əsas məqsəd Nizami Gəncəvi irsini bütün dünyaya nümayiş etdirərək Azərbaycan mədəniyyətinin böyüklüyünü göstərmək idi. Keçirilən tədbirlər çərçivəsində xaricdə Nizami Gəncəvinin heykəli ucaldılıb, Nizaminin əsərləri üzərində qurulmuş tamaşalar səhnələşdirilib, son olaraq Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilib”.

Nizami Gəncəvinin öz müdrikliyi ilə millətlər arasında bir körpü rolunu oynadığını deyən Elnur Əliyev bildirib ki, Nizaminin əsərlərinə baxarkən müasir Azərbaycan dəyərlərini görürük. Azərbaycanda multikulturalizmin formalaşdırılmasında “Xəmsə”nin böyük rolu var.

Tədbirdə çıxış edən digər natiqlər “Nizami Gəncəvi İli”ndə görülən işlərdən bəhs ediblər, Nizami irsinin hər zaman öyrənilməsinə və gənc nəslə tanıdılmasına ehtiyac olduğunu vurğulayıblar.

Sonda Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev tanınmış elm və incəsənət xadimlərinə “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanını təqdim edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts