Naxçıvanda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Tokio, 9 Noyabr, /AJMEDIA/

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Tarixi Zəfər qazanıldı, ərazi bütövlüyümüz bərpa olundu. Ölkə Prezidentinin dediyi kimi: “Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Çünki xalqımız işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı… Ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq, tarixi ədalətə nail olduq”.

Torpağa məhəbbət, vətənpərvərlik isə onu qorumaqla yanaşı, həm də əkmək, zəhmətə qatlaşıb bol məhsul yetişdirməklə, bağlar, yaşıllıqlar salmaqla mümkün olur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, muxtar respublikada Zəfər Günü ilə əlaqədar ağacəkmə kampaniyası keçirilib, meyvə bağları və yaşıllıqlar salınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun kənarındakı 4,2 hektar ərazidə keçirilən ağacəkmədə iştirak ediblər. Burada 2,2 hektar sahədə meyvə bağı salınıb, ərazidəki 2 hektar meyvə bağında isə bərpa əkini aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ağacəkmədə iştirak edib.

Bildirilib ki, cari ilin payızında muxtar respublikada 142 hektar sahədə yaşıllaşdırma tədbirləri aparılacaq. Yeni meyvə bağlarının salınmasında cəviz, badam, ərik, alma və digər tinglərdən istifadə olunacaq.

Ali Məclisin Sədri meyvə tingləri əkib, muxtar respublikada ağac əkinlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.

Həmin gün muxtar respublikada Zəfər Günü münasibətilə keçirilən ağacəkmədə 20 mindən artıq sakin iştirak edib, 7 mindən artıq meyvə və meşə tingləri əkilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts