Naxçıvanda xalqımızın milli mədəniyyətinin öyrənilməsi və yaşadılmasına daim diqqətlə yanaşılır

Tokio, 15 may , /AJMEDIA/

Qədim diyarımız Naxçıvanda xalqımızın milli mədəniyyətinin öyrənilməsi və yaşadılmasına daim dövlət qayğısı göstərilir.
AJMEDIA verir ki, bu fikri Naxçıvan Dövlət Uşaq Teatrında “Milli dəyərlərimiz folklorumuzda” adlı səhnəciklərin nümayişi müsabiqəsinin yekun tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova vurğulayıb. Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 9 fevral tarixli Sərəncamına uyğun olaraq muxtar diyarımızın bütün bölgələrində və Naxçıvan şəhərində vaxtaşırı ənənəvi “Xalq yaradıcılığı günləri”nin keçirilməsi milli mədəniyyətimizə göstərilən diqqətin bariz ifadəsidir. Muxtar respublika rəhbərinin qayğısı ilə qədim diyarımızın şifahi söz sənətini özündə əks etdirən 3 cildlik “Naxçıvan folkloru antologiyası”, “Naxçıvan-Şərur el yallıları”, “Yallılar dünəndən bu günə” kitabları işıq üzü görüb, 100-ə yaxın yallının reyestri aparılıb, yallıların DVD diski hazırlanıb. Bütün bunlar muxtar diyarımızda xalq yaradıcılığı nümunələrinin kütləvi şəkildə öyrənilməsi və təbliği işinə böyük töhfələr verir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və nazirliyin tabeliyindəki Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə keçirilmiş “Milli dəyərlərimiz folklorumuzda” adlı səhnəciklərin nümayişi müsabiqəsinin təşkilində əsas məqsəd müxtəlif yaşayış məntəqələrində fəaliyyət göstərən folklor qrup və kollektivlərinin fəaliyyətinin artırılması, bölgələr üzrə xalq yaradıcılığı nümunələrinin aşkara çıxarılması və təbliğindən ibarət olub. Muxtar respublikanın rayon (şəhər) mədəniyyət şöbələrinin tabeliyindəki klub müəssisələrində fəaliyyət göstərən 12 folklor kollektivinin iştirak etdiyi müsabiqədə yalnız milli adət-ənənələri, milli dəyərləri və xalq yaradıcılığı nümunələrini özündə ehtiva edən səhnəciklər nümayiş etdirilib.
Nazir incəsənətin bütün sahələrinin təbliğinə və yaşadılmasına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mədəniyyət işçiləri adından minnətdarlığını bildirib.
Sonra AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, dosent Aytən Cəfərova “Folklorumuzda yaşayan mədəniyyət tariximiz” mövzusunda çıxış edib.
Çıxışlardan sonra müsabiqənin qalibi olan kollektivlər mükafatlandırılıb. “Xınayaxdı mərasimi” səhnəciyi ilə I yerin qalibi Babək Rayon Mədəniyyət Sarayının “Buta” folklor qrupu, “Gəlin-qayınana səhnəciyi” ilə II yerə layiq görülmüş Culfa Rayon Kırna Kənd Mədəniyyət Evinin “Güləbətin” folklor kollektivi və “Xınayaxdı mərasimi” səhnəciyi ilə III yeri tutmuş Şahbuz Rayon Mədəniyyət Sarayının “Salvartı” folklor kollektivi nazirliyin diplomları və “Gəlinköçürmə adəti” səhnəciyi ilə müsabiqədə fərqləndiyinə görə Ordubad Rayonunun Vənənd və Dırnıs Kənd Mədəniyyət evləri, Vələver Kənd Klubunun “Zirvə” folklor kollektivi fəxri fərmanla təltif edilib.
Sonda qalib kollektivlərin səhnəcikləri nümayiş olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts