Naxçıvan Muxtar Respublikasının 98 illiyi münasibətilə tədbir keçirilib

Tokio, 9 fevral, /AJMEDIA/

Fevralın 9-da Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı dəyirmi masa keçirilib.

AJMEDIA xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək, dahi Liderə və bütün şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildiriblər.

Sonra Naxçıvan Muxtar Respublikasının tarixi ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qədim, zəngin, çoxəsrlik tarixə, mədəniyyətə, dövlətçilik ənənələrinə malik və “Şərqin qapısı” adlandırılan Naxçıvanın keçdiyi mürəkkəb və çətin, eyni zamanda, şərəfli tarixi inkişaf yolundan bəhs edib. Bildirib ki, bu gün biz Azərbaycanın ayrılmaz parçası olan bu gözəl diyarın muxtariyyət qazanmasının 98-ci ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd edirik. Naxçıvan Muxtar Respublikasının muxtariyyət tarixinin diqqətlə öyrənilməsi və təbliğ olunması işinin vacibliyini bir vəzifə kimi qarşıya qoyan dövlətimizin başçısı deyib: “Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan, tez-tez bədnam qonşuların ərazi iddiaları obyektinə çevrilən Naxçıvanın tarixinin hələ də tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, bu diyarın tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir”. Tarix boyu Naxçıvan həmişə Azərbaycan dövlətçiliyinin sütunu, əsas mərkəzlərindən biri olub. Əlverişli təbii-coğrafi mövqeyi, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun üstündə yerləşməsi Naxçıvanı daim fatehlərin, böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi regiona çevirib. Ərazisi dəfələrlə işğal olunsa da, əldən-ələ keçsə də, Naxçıvan heç vaxt qəddini əyməmiş, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə, tarixi ərazisini qoruyub saxlaya bilib, müasir dövrümüzədək gətirib çıxarıb. Burada qədim, milli dövlətçilik ənənəsinin çoxəsrlik tarixi vardır. Atabəylər dövləti – Naxçıvan bəylərbəyliyi, Naxçıvan sancağı, Naxçıvan xanlığı, Naxçıvan mahalı kimi müxtəlif adlarla dövlət qurumlarının mövcud olması Azərbaycanın bu qədim diyarında dövlətçilik təfəkkürünün həmişə qüvvətli olmasını şərtləndirib. Naxçıvanın xarici müdaxilələrdən qorunmasında 1918-ci ildə yaradılmış Araz-Türk Respublikasının da mühüm, ayrıca xidmətləri olub. Bu dövrdə Naxçıvan şəhəri bir milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikasının paytaxtı idi. Tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan Diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb.

Naxçıvanın muxtariyyəti böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxıb, gərgin, ağır, eyni zamanda, şərəfli bir yol keçib. Ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət statusunun həyati əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

“Naxçıvanın muxtariyyəti çətin sınaqlardan keçərək gərgin hərbi-siyasi və diplomatik mübarizələr nəticəsində qazanılıb, böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxıb”, – deyən daimi nümayəndəliyin rəhbəri qeyd edib: “Naxçıvanın muxtariyyəti tarixi zərurət idi. 1919-cu ildə Zəngəzur mahalı Ermənistana veriləndən sonra Naxçıvan ölkənin əsas ərazisindən təcrid olunmuşdu. Regionda marağı olan böyük dövlətlər İrəvan və Zəngəzur kimi Naxçıvanı da ermənilərə güzəştə getmək istəyirdilər. Erməni yaraqlıları əhalini qorxu içərisində saxlayır, soyqırımı törədir, torpaqların boşaldılmasına çalışırdılar. Buna baxmayaraq, nə böyük dövlətlərin siyasi və diplomatik təzyiqi, nə aclıq və səfalət, nə də ermənilərin aramsız hərbi müdaxiləsi naxçıvanlıların iradəsini sındıra, Azərbaycanla bir olmaq istəyinin qarşısını ala bilmədi. Naxçıvanın muxtariyyətinin əsas səbəblərindən biri də bu məsələnin böyüyərək regional müstəviyə çıxması və beynəlxalq hüququn subyektinə çevrilməsi idi. Göstərmək kifayətdir ki, Naxçıvan məsələsi 1918-ci ildə Zaqafqaziya Seymində, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətində, Türkiyə parlamentində, 1919-cu ildə isə Paris Sülh Konfransında müzakirə edilmişdi. 1921-ci ildən 1924-cü ilədək, yəni muxtariyyət statusundan muxtar respublikanın təşkilinə kimi çoxsaylı müzakirələr aparılmışdı. Bu müzakirələrdə bir məsələ aydın idi ki, Azərbaycanın daxilində Naxçıvanın muxtariyyət təşkil etməsi bölgənin spesifik ərazi vəziyyəti-geosiyasi şəraiti ilə bağlı idi. Naxçıvanın Azərbaycandan ayrı düşməsi, heç bir sərhədə malik olmaması onun inzibati idarəçiliyinin qəza və ya rayon hüquqlarında təşkil etməyə imkan vermirdi. 1921-ci ildə Azərbaycan, rus, erməni nümayəndələrinin iştirakı ilə Naxçıvan əhalisi arasında rəy sorğusu keçirilib, əhalinin 90 faizdən yuxarı hissəsi muxtar respublikanın Azərbaycanın tərkibində qalmasını istəyib. Sonda isə Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, qardaş Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanıb. Kazım Qarabəkir Paşanın “Şərqin qapısı”, Mustafa Kamal Atatürkün isə “Türk qapısı” adlandırdıqları Naxçıvanın muxtariyyət statusu beynəlxalq müqavilələrlə təsbit olunub. Moskva müqaviləsinin 3-cü bəndinə, Qars müqaviləsinin 5-ci bəndinə əsasən Naxçıvanın ərazisi təsdiq olunub və bu ərazinin beynəlxalq müqavilələrlə qorunan toxunulmazlıq hüququ təsbit edilib. Bu müqavilələrin davamı və yaranmış real vəziyyətin hüquqi təsdiqi olaraq 1924-cü il fevralın 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında Dekret imzalayıb. Bu, Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini daim yüksək qiymətləndirərək deyib: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir”. Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələdir. Bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması isə bütün dövrlər üçün aktual və vacibdir. Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində təsdiq edilmiş Əsasnamə və 1926-ci il aprelin 18-də qəbul olunmuş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının birinci Konstitusiyası ilə təsbit edildi. Konstitusiyanın ikinci maddəsində deyilirdi: “Naxçıvan Sovet Sosialist Respublikası Azərbaycan Sovet Sosialist Respublikasının protektoratlığında olmaqla onun tərkib hissəsidir”. Naxçıvan MSSR-in sonrakı konstitusiyalarında da Naxçıvan Azərbaycan SSR-in tərkibində muxtar respublika kimi göstərilmişdir”. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın muxtariyyət tarixinin çətin sınaqlardan keçdiyini nəzərdə tutaraq, eyni zamanda, bu muxtariyyətin qazanılmasında fədakarlıq göstərənlərin əməyini yüksək qiymətləndirərək deyirdi: “Naxçıvana muxtariyyət vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan məsələ deyildi. Amma o vaxt milli mənafeyini qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm… Kim Azərbaycanın milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada saIınmalı və tariximizə daxil olmalıdırlar”. Qeyd olunanlar onu göstərir ki, ötən dövr ərzində ölkəmizdə muxtariyyətin möhkəm siyasi və hüquqi bazası formalaşıb, böyük bir inkişaf yolu keçib. Naxçıvanın muxtar respublika statusu bu bölgənin 98 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malikdir. Naxçıvanın muxtariyyət statusunun möhkəmlənməsində bu illər ərzində qəbul olunmuş konstitusiyalar da mühüm rol oynayıb. 1926-1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının üç konstitusiyası, ölkəmiz müstəqillik qazandıqdan sonra 1998-ci il dekabrın 29-da isə Naxçıvan Muxtar Respublikasının yeni konstitusiyası qəbul olunub.

Naxçıvan Muxtar Respublikasının keçdiyi tarixi inkişaf yolunun çətinliklərindən bəhs edən Bəxtiyar Əsgərov deyib: “1987-1993-cü illərdə ölkəmizi Heydər Əliyev yolundan döndərməyə uğursuz cəhdlər göstərildi. Nəticəsi də o oldu ki, Azərbaycan ağır vəziyyətlə üzləşdi. 20 Yanvar faciəsi baş verdi, Dağlıq Qarabağ və ətraf rayonlar işğal olundu. Ölkə iqtisadiyyatı bərbad vəziyyətə düşdü. Separatçı hərəkatlar baş qaldırdı. Azərbaycan fəlakətin bir addımlığında idi. O, sözün həqiqi mənasında, siyasi xəritədən silinə bilərdi. Eyni aqibət Naxçıvan Muxtar Respublikasını da gözləyirdi. Bu dövrün Naxçıvanı təklənmiş, taleyin ümidinə buraxılmış adanı xatırladırdı. Ermənistan tərəfindən təkcə iqtisadi blokadaya yox, həm də informasiya blokadasına salınmış Naxçıvan beynəlxalq aləmdən tam təcrid edilmişdi.1990-cı ilin iyul ayında xalqımızın böyük oğlunun Moskvadan Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublikanı siyasi oyunlardan – ərazisini erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Ümummilli Liderimiz 1990-1993-cü illərdə burada baş verən prosesləri xatırlayaraq deyirdi: “1990-1993-cü illərdə Naxçıvanda keçirdiyim dövr mənim həyatımda xüsusi yer tutur. O illər biz Naxçıvanın ağır dövrünü yaşadıq və Naxçıvanı böyük təhlükələrdən, böyük faciələrdən xilas etdik. O dövr böyük sınaq dövrü oldu. İnsanların öz torpağına, Vətəninə sədaqətinin sınaqdan keçməsi dövrü oldu. Biz bu sınaqdan çox böyük şərəflə çıxdıq”. Ötən əsrin 90-cı illərində – bölgəyə erməni hücumlarının aramsız xarakter aldığı bir dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli addımların atılmasına, muxtariyyətin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına, beləliklə də Azərbaycanın tarixi ərazisinin qorunub saxlanmasına imkan yaratmışdır. Bu dövrdə ölkəmizin müstəqilliyi ilə bağlı qanunvericilik təşəbbüsü hüququ istisnasız olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məxsus olub. Belə ki, 1990-cı il noyabrın 17-də Ümummilli Liderimizin rəhbərliyi ilə keçən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının ali dövlət hakimiyyət orqanları haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olunub. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən həmin tarixdən Naxçıvan Muxtar Respublikası muxtar dövlətdir.

Naxçıvanın muxtariyyət statusu bu dövrdə erməni işğalı təhlükəsinin aradan qaldırılması, ağır blokada şəraitində adamların yaşayışının təmin olunması sahəsində də taleyüklü qərarların qəbul edilməsinə şərait yaradıb, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi ümummilli lider Heydər Əliyev qonşu İran və Türkiyə respublikaları ilə əlaqələr quraraq bu ölkələrdə səfərlərdə olub, müxtəlif sahələrdə əməkdaşlığa dair protokollar imzalayıb. Ulu Öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə həyata keçirdiyi tədbirlər, hazırladığı siyasi sənədlər təkcə Naxçıvanın yox, eyni zamanda, doğma Azərbaycanımızın da xilasına xidmət edirdi. Üçrəngli dövlət bayrağının, digər milli dövlətçilik atributlarının qəbul edilməsi, milli ordu quruculuğuna başlanılması, aqrar islahatların həyata keçirilməsi – böyük ömrün Naxçıvanda keçən 3 ili ərzində görülən bütün bu tədbirlər müstəqil dövlətimizin daha da möhkəmlənməsinə yönəlmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “1990-cı ilin iyul ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Bu illərdə xalqımızın böyük oğlunun muxtar respublika Ali Məclisində xüsusi bəyanatla çıxış etməsi, Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci ömür vermişdir”. Keçirilən yubileylərin böyük siyasi, tarixi, elmi əhəmiyyətindən bəhs edən Bəxtiyar Əsgərov qeyd etdi ki, Naxçıvan Muxtar Respublikasının 1949-cu ildə 25, 1964-cü ildə 40, 1974-cü ildə 50, 1984-cü ildə 60, 1999-cu ildə 75, 2004-cü ildə 80 və 2014-cü ildə isə 90 illik yubileylərinin keçirilməsi dövlətimiz tərəfindən bu diyara göstərilən sonsuz sevgi, diqqət, və qayğının bariz nümunəsidir. Bu günlərdə 30 illiyini qeyd edəcəyimiz Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin, xüsusilə, son illərdə fevralın 9-da respublikamızın aparıcı ziyalıları və alimlərinin iştirakı ilə qeyd etdiyi muxtariyyət ildönümləri ilə bağlı tədbirlər, dəyirmi masalar və s. müasiri olduğumuz ulu öndərimiz Heydər Əliyevin bu muxtar diyarı, onun varlığını, tarixini, ənənələrini həyatı bahasına necə qoruyub saxladığını, inkişaf etdirdiyini, bu günümüzə əmanət etdiyini elmi, siyasi-ideoloji baxımdan tədqiq etmək, öyrənmək və gələcək nəsillərə çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir- desək, yanılmarıq. Həmişə dövlət səviyyəsində yubiley tədbirlərinin keçirilməsi isə Naxçıvan muxtariyyətinin xalqımız, dövlətçiliyimiz üçün nə qədər böyük əhəmiyyət daşıdığını ortaya qoymaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu barədə çıxışında deyib: “Naxçıvan Muxtar Respublikasının Yubiley tədbirlərinin keçirilməsi bir tərəfdən muxtar respublikaya göstərilən dövlət qayğısının parlaq ifadəsidirsə, digər tərəfdən Naxçıvan tarixinin yenidən və əsaslı şəkildə öyrənilməsi üçün mühüm əhəmiyyətə malikdir”.

Bəxtiyar Əsgərov vurğulayıb ki, 98 il tarixə malik Naxçıvan Muxtar Respublikası son 30 ildə inkarolunmaz böyük bir tarixi inkişaf yolu keçib. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına tarixi səfərləri, Naxçıvan Muxtar Respublikasının yaradılmasının yubileylərində proqram xarakterli çıxışları, muxtar respublikada son illərdə görülən işlər, həyata keçirilən quruculuq tədbirləri ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla, ləyaqətlə davam etdirilməsinin nəticəsidir. Ardıcıl, düşünülmüş, uzaqgörən siyasətin nəticəsində bu gün Naxçıvan tarixində görünməmiş inkişaf dövrünü yaşayır. Muxtariyyət statusu qazanmasını və Naxçıvan Muxtar Respublikasının 98-ci ildönümünü böyük nailiyyətlərlə qeyd edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanır, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.

Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad olunması uğrunda Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük haqq savaşında – Vətən müharibəsində qazandığı şərəfli və tarixi qələbədən bəhs edən Bəxtiyar Əsgərov böyük qürur hissi ilə qeyd etdi ki, ərazi bütövlüyümüzün bərpası və müharibədə əldə etdiyimiz Qələbə, əlbəttə, müstəqil dövlətimizin gücünü, qədim dövlətçilik tarixinə malik Azərbaycan xalqının iradəsini və sözü ilə əməlinin bir olduğunu bütün dünyaya nümayiş etdirmiş oldu. Beləliklə, sonsuz sevinc hissi ilə deyə bilərik ki, ulu öndərimiz və Prezidentimizin müharibənin başa çatdırılması və işğal edilmiş ərazilərimizin azad olunması ilə bağlı Azərbaycan xalqı qarşısında verilmiş vədlər və qədirbilən xalqımızın qarşısında götürülmüş öhdəliklər tam yerinə yetirilib. Vətən müharibəsinin bitməsi ilə əlaqədar 2020-ci ilin noyabr ayının 10-da imzalanan üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd olunduğu kimi, regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, bölgədə yerləşən dövlətlərin vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə yaradılacaq dəhliz vasitəsilə Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi bərpa olunur. Yaradılacaq Zəngəzur dəhlizindən təkcə bizim üçün deyil, region dövlətlərinin istifadəsi üçün də böyük imkanlar yaranacaq ki, bu da sülhün və əmin-amanlığın bərqərar olmasına əsaslı zəmin yaradacaq. Ən əsası isə Azərbaycanın qardaş Türkiyə Cümhuriyyəti ilə birbaşa əlaqəsi bərpa olunacaq. Zəngəzur dəhlizinin açilması ilə əslində, region dövlətləri olan Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və İranın, istəsə Ermənistanın birgə istifadəsi ilə bölgədə yeni reallıq və iqtisadi əməkdaşlıq üçün sağlam mühit formalaşdırılır. Yaradılacaq bu şərait, ilk növbədə, muxtar respublikanın iqtisadi, sosial inkişafı üçün şaxələnmiş, etibarlı təminata çevriləcək.

“Naxçıvan Muxtar Respublikası həm də özünün böyük tarixi keçmişinə və milli dəyərlərinə sahibdir. Burada qədim tarixi abidələrimiz, gələcəyimiz olan gənclər himayə olunur, milli adət və ənənələrimizin qorunması üçün ən müxtəlif tədbirlər görülür. Naxçıvan qədim Azərbaycan diyarıdır, qədim tarixə, mədəniyyətə malik olan əsrarəngiz bir diyardır, eyni zamanda, müasir şəhərdir… Naxçıvan muxtar Respublikası bu gün də milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir” deyən Prezident İlham Əliyevin, eyni zamanda, bu qədim diyara göstərdiyi yüksək diqqət və qayğı sayəsində muxtar respublika gündən-günə çiçəklənir, inkişaf edir. Bütün sahələri əhatə edən quruculuq, abadlıq işləri sayəsində müasirliklə qədimliyin vəhdətində böyüyən, böyüdükcə gözəlləşən Naxçıvan öz intibah dövrünü yaşayır. Ulu öndərin məktəbinin ləyaqətli yetirməsi olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun bu diyara, Vətənə, torpağa bağlılığı, ən əsası isə onun fədakarlığı nəticəsində son illərdə haqlı olaraq qeyd edildiyi kimi, muxtar respublika inkişaf etmiş ölkələrlə, Naxçıvan şəhəri isə Avropa şəhərləri ilə müqayisə oluna biləcək səviyyədə modernləşib. Tarixi abidələri, müalicəvi əhəmiyyətli suları, buz bulaqları, meşələri, təmiz havası ilə turistləri, qonaqları valeh edən muxtar respublika füsunkarlığı ilə göz oxşayır. Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşünün Şərq aləmində tanınan muxtar respublikada keçirilməsi, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı elan olunması müasir tariximizdə dünya sivilizasiyasına önəmli töhfələr verib. Görülən işlərin nəticəsidir ki, Naxçıvan artıq beynəlxalq elm, mədəniyyət və idman tədbirlərinə ev sahibliyi edir və həmişə etməyə hazırdır, burada elmi konfrans və simpoziumlar, rəsm festivalları və s. keçirilir. Bu mənada, ötən illər daha əlamətdar olub, pandemiyadan öncə – 2018-ci ildə Naxçıvan “İslam Mədəniyyətinin Paytaxtı” və ölkəmizin Gənclər Paytaxtı seçilib, Naxçıvanda “Avropa günləri”, Türk Şurası Gənc Liderlərinin ilk Forumu, eləcə də TÜRKSOY-un “Türk-İslam əxlaq fəlsəfəsinin qurucu liderləri: Türküstandan Anadoluya İrfan məktəbinin alimləri” mövzusunda beynəlxalq konfransı keçirilib”, – deyən Bəxtiyar Əsgərov onu da sözlərinə əlavə edib ki, Naxçıvanın muxtar respublika statusu onun 98 illik tarixi taleyində, ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olub. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən məqsədyönlü, konseptual şəkildə davam etdirilməsi bu qədim diyarın simasını dəyişməklə əsaslı dərəcədə gözəlləşdirdi. Naxçıvan qurucu rəhbəri sayəsində sosial problemləri qısa zamanda geridə qoyaraq bütün bölgələri, sərhəd kəndlərini belə inanılmaz dərəcədə müasirləşdirdi. Qədimliyini, tarixiliyini qorumaqla müasirliyə doğru irəliləyən muxtar respublikanın paytaxtı kimi bütün rayon və kəndlərində həyata keçirilən sosial- iqtisadi islahatlar, inşa olunan obyektlər, təhsil, səhiyyə ocaqları əhaliyə tam gücü ilə xidmət edir. Rayon və kəndlər də daxil olmaqla həyata keçirilən infrastruktur layihələrinə, yol-nəqliyyat sahələrinə diqqətin artırılması, abadlıq və yenidənqurma işlərinin genişlənməsi istiqamətində görülən işlər insanların rahat yaşamasını təmin edir. Blokada şəraitində əldə olunan uğurlar Vətənə bağlılığın, torpağa sevginin real ifadəsidir. Dinamik sürətlə artan inkişaf muxtar respublika rəhbərliyinin səyi, insanlara diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Naxçıvanın müdafiə qüdrətinin artırılmasına, təhlükəsizliyinin təminatına göstərilən diqqət də yüksək səviyyədədir. Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının, Əlahiddə Ümumqoşun Ordusunun hərbi texnika və avadanlıqlarla təchizatı yüksək səviyyədədir və bu məsələ prioritet sahə olaraq həmişə diqqətdə saxlanılır. Günnüt əməliyyatının uğurla başa çatması, düşmən işğalında qalan 1 min hektardan çox ərazinin Vətən müharibəsindən əvvəl azad olunması Silahlı Qüvvələrimizin qüdrətini göstərməklə, Naxçıvanın etibarlı müdafiəsinin, hərbi potensialının gücləndirilməsinin də göstəricisi, nümunəsidir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində daha böyük inkişafa doğru inamla və qətiyyətlə irəliləyir. Təbii ki, bu nailiyyətlərin qazanılması Naxçıvanın muxtariyyət statusunu daha da möhkəmləndirir. Bu gün xalqımız əmindir ki, Azərbaycanda Ümummilli Liderimizin siyasi kursu möhkəm, etibarlı və inamlı əllərdədir. Bu kursu davam etdirən Prezident İlham Əliyev Azərbaycanı, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını da yaşadır və inkişaf etdirir, ölkəmizi və xalqımızı inamla daha firavan, işıqlı gələcəyə aparır! Bu əlamətdar bayram günü Naxçıvan Muxtar Respublikasının 98 illiyi münasibətilə sizi, bütün xalqımızı ürəkdən təbrik edirik!

Sonra çıxış edən Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusunun tarixi əhəmiyyəti və Heydər Əliyevin bu statusun möhkəmləndirilməsindəki xidmətlərindən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Naxçıvan şəhəri inkişaf edir. O, həmçinin Ali Məclisin Sədri Vasif Talıbovun rəhbərliyi ilə bu diyarda xeyli nailiyyətlərin əldə olunduğunu vurğulayıb.

Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Milli Məclisin deputatı İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasının inkişaf modelindən, həmçinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqillik tariximizin ərsəyə gətirdiyi elmi əsərlərdən söhbət açıb.

Daha sonra çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Naxçıvanın muxtariyyət tarixində müstəsna xidmətlər göstərmiş tarixi şəxsiyyətlərdən danışıb. Bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin, o cümlədən Prezident İlham Əliyevin Naxçıvanın inkişafında, qorunmasında böyük fəaliyyəti olub. Həmçinin Prezident İlham Əliyevin müasir Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafındakı böyük xidmətlərindən, elm, mədəniyyət, incəsənət adamlarına göstərdiyi diqqət və qayğıdan, yaradılan şəraitdən bəhs edib.

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Naxçıvanın blokada şəraitində olmasına baxmayaraq, ulu öndər Heydər Əliyevin buranı inkişaf etdirməsindən, Prezident İlham Əliyevin müasir Naxçıvan şəhərinin bütün sahələrdəki inkişafından danışıb.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Naxçıvan Muxtar Respublikasının yaranmasında xalqın birliyini, mübarizəsini vurğulayıb. Qeyd edib ki, azərbaycançılıq məfkurəsinin yaranmasında ulu öndər Heydər Əliyevin danılmaz əməyini vardır. O, Prezident İlham Əliyevin gördüyü işlərin Naxçıvan şəhərinin inkişafına töhfələr verdiyini bildirib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli yer tutan Yeni Azərbaycan Partiyasının(YAP) Naxçıvan şəhərində yaradılmasının əhəmiyyətindən danışıb, həmçinin Naxçıvan Muxtar Respublikasının keşməkeşli tarixindən bəhs edib.

Sonda tədbir iştirakçıları daimi nümayəndəlikdə Naxçıvan Muxtar Respublikasının 98-ci ildönümünə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts