Naxçıvan Dövlət Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyada nüfuzlu Asiya Universitetlərinin Sammitində iştirak edir

Tokio, 1 iyun , /AJMEDIA/

Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyanın Naqoya şəhərində nüfuzlu Asiya Universitetlərinin Sammitində iştirak edir.
AJMEDIA xəbər verir ki, mayın 31-də Böyük Britaniyanın “Times Higher Education” təşkilatı tərəfindən təşkil edilən sammit iyunun 3-dək davam edəcək.
Sammitin açılış günü iştirakçılar əvvəlcə Fugita Universitetində müxtəlif şirkətlər tərəfindən təşkil edilən sərgi ilə tanış olublar. Burada həm Yaponiyanın, həm də ətraf ölkələrin yüksək texnologiyalar istehsalı ilə məşğul olan şirkətlərinin məhsulları iştirakçılara təqdim olunur.
Qeyd edək ki, NDU-da başlayan yeni missiya beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsinə, tədris prosesinə və elmi-tədqiqat işlərinin təşkilinə, habelə idarəetmədə dünya təcrübəsindən yaradıcı şəkildə faydalanmağa imkan yaradır. Son illər beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində görülən tədbirlərin nəticəsidir ki, NDU bu gün nəinki ölkə miqyasında, hətta dünyada sayılıb-seçilən universitetlər sırasında xüsusi yer tutur. Universitet bu gün elm-təhsil və innovasiyalar sahəsində dünya təcrübəsinin tətbiqində uğur qazanmaqla yanaşı, beynəlxalq rəqabətqabiliyyətliliyin təmin olunması, innovativ və keyfiyyətli elmi tədqiqatların artırılması baxımından mühüm nailiyyətlər əldə etməkdədir.
Beynəlxalq elmi tərəfdaşlıq sahəsində dünyanın aparıcı keyfiyyət və reytinq şirkəti olan “Times Higher Education” ilə qurulan əlaqələr 2021-ci ildə NDU-nun dünya universitetləri sırasında öz adını tanıtması ilə nəticələnib. Universitet 2022-ci ildə isə “Times Higher Education” təşkilatının “İmpact Sıralamasında” xüsusi yer alıb. Elmi strategiyasını düzgün seçən NDU rəhbərliyinin həm “THE”, həm “Clarivate Analytics”, həm “Elsevier”, həm də “Google”la olan əlaqələri keyfiyyətyönümlü, məhsuldar və fundamental tədqiqatlara yönəlməsi nəticəsində bu ali təhsil ocağı müxtəlif beynəlxalq təşkilat və universitetlərin tədbirlərinə dəvət alıb. Bu tədbirlərdən biri də “Times Higher Education” keyfiyyət və reytinq şirkətinin təşkil etdiyi sammitdir.
“Times Higher Education” şirkətinin Yaponiyanın “Fujita Health Universiteti” ilə əməkdaşlıq çərçivəsində “Gələcəyə baxmaq, akademik istedad yaratmaq” devizi altında Asiya Universitetləri Sammitində NDU ilə yanaşı, Asiya regionunun bir çox nüfuzlu şirkətləri, universitetləri və eləcə də möhtərəm şəxsləri iştirak edir. Yaponiyanın İmperator ailəsinin üzvü, Əlahəzrət Mikasa Şahzadəsi Tomohitonun iştirakı bu sammitin əhəmiyyətinin ən vacib göstəricisi hesab edilə bilər. Sammitə ümumilikdə 60 ölkənin nüfuzlu universitetlərinin rəhbər şəxsləri qatılıb.
Sammitin təhsil və elmi tədqiqatların təşkili ilə bağlı beynəlxalq əhəmiyyətini yüksək qiymətləndirən NDU-nun rektoru Elbrus İsayev AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində bildirib ki, tədbirin məqsədi Asiyanın qabaqcıl ali təhsil müəssisələrinin bir araya gətirilməsi və elmi araşdırmların istiqamətləri ilə bağlı geniş müzakirələrin aparılmasıdır: “Sammit çərçivəsində təşkil ediləcək plenar iclaslarda, simpozium və konfranslarda iştirak, aparılacaq diskusiyalara qoşulmaq imkanı yaratdıqlarına görə biz təşkilatçılara minnətdarıq. Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətədavamlılığının artırılması ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam var və bu mühüm sənəd, bütün Universitetlərin, o cümlədən NDU-nun qarşısında çox ciddi vəzifələr qoyur. Məhz bunun nəticədir ki, ölkəmizdə fəaliyyət göstərən ali təhsil məktəbləri təhsil sahəsində nüfuzlu beynəlxalq reytinq təşkilatları ilə əməkdaşlığa xüsusi önəm verirlər. Bizim universitetdə də bu istiqamətdə ardıcıl və məqsədyönlü iş aparılır. Əməkdaşlıq etdiyimiz təşkilatlar sırasında “Times Higher Education” təşkilatı xüsusi yer tutur. Məhz bu təşkilatla qurulmuş əməkdaşlıq nəticəsində bizim universitet son iki ildə reytinq qiymətləndirməsində xüsusi uğurlar qazanıb. Düşünürəm ki, bu gün Naqoyanın Fugita universitetində keçirilən sammit həmin əməkdaşlığın yeni üfüqlərini müəyyənləşdirəcək və təkcə həmin təşkilatla deyil, həmçinin Asiya regionun nüfuzlu ali təhsil mərkəzləri ilə əlaqələrimizin inkişafına mühüm təsir göstərəcək. Bununla yanaşı regionun bütün dünyada tanınmış məşhur şirkətlərinin bu sammitə qatılması bizim onlarla da birbaşa əməkdaşlıq əlaqələri qurmağımıza şərait yaradacaq”.
Sammitin təntənəli açılış mərasimində çıxış edən Fugita Universitetinin rektoru Yukio Yuzava, İmperator ailəsinin üzvü şahzadə Tomohito, Aiçi prefekturasınnı qubernatoru Hideaki Omura və “Times Higher Education” təşkilatının Asiya-Sakit okean regionu üzrə prezidenti Simone Dilena iştirakçıları salamlayaraq, onlara bu beynəlxalq tədbirdə aparılacaq müzakirələrdə uğurlar arzulayıblar.
Açılış mərasimindən sonra sammit işini plenar iclaslarla davam etdirib.
Naxçıvan Dövlət Univeristetinin nümayəndə heyətini Naqoyada salamlamaqdan məmnun olduğunu bildirən Fugita Univeristetinin rektoru Yukio Yuzava AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə deyib: “Naxçıvan Dövlət Universitetinin rektoruna və əməkdaşlarına Yaponiyaya gələrək “Times Higher Education” təşkilatının zirvə görüsünə qatıldıqlarına görə səmimi minnətdarlığımı bildirirəm. Qeyd etmək istərdim ki, bu universitet Qafqaz regionundan bizim sammitə qatılan ilk ali təhsil müəssisəsidir. Azərbaycandan gəlmiş qonaqları universitetimizdə salamlamaqdan çox məmnunam.
Bildiyiniz ki, COVID-19 pandemiyasına görə biz iki il idi ki, bir çox ölkələrlə əyani görüşmək imkanını itirmişdik. Düşünürəm ki, internet üzərindən əlaqələrin qurulması da bizə yaxşı təcrübə verdi. Ümid edirəm ki, zirvə görüşü azərbaycanlı qonaqlarımızın xosuna gəlib və biz artıq bir-birimizlə xoş ünsiyyət qurmağa nail olmuşuq. Həmçinin sammit həm də tədbirin iştirakçısı olan digər universitetlər və şirkətlərlə əməkdaşlıq əlaqələri qurmağa şərait yaradıb.
Biz NDU-nun rektoru ilə ilkin danışıqlar apardıq və qurulacaq qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını düşünürəm. Biz yalnız birlikdə insan resurslarını inkişaf etdirməyin yollarını tapa bilərik. Belə ki, iki universitet arasında tələbə və müəllim heyətinin mübadiləsinin təşkili hər iki tərəfin inkişafına mühüm təsir göstərə bilər. Bunun üçün əlaqələrimizi və dostluğumuzu möhkəmlendirməliyik. Düşünürəm ki, bu zirvə görüşü aramızdakı əlaqələri yaratmaq və inkişaf etdirmək üçün çox yaxşı şansdır”.
Qeyd edək ki, iyunun 3-də işini başa vuracaq sammit çərçivəsində ümumi müzakirələrlə yanaşı, qarşılıqlı əməkdaşlıq, təcrübə və kadr mübadiləsinin təşkili məqsədilə ikitərəfli danışıqların aparılması da nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts