Naxçıvan Dövlət Universitetində IELTS qeydiyyat və imtahan mərkəzində ilk dəfə imtahan keçirilib

Tokio, 8 iyun , /AJMEDIA/

Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində yaradılan IELTS qeydiyyat və imtahan mərkəzində ilk dəfə olaraq imtahan keçirilib. Həm General IELTS, həm də Akademik IELTS olaraq nəzərdə tutulan imtahanda iştirakçıların bacarıqları qiymətləndirilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AJMEDIA-ya bildirilib ki, namizədlər bu il iyun ayının 2-də IELTS danışıq imtahanında iştirak edib, 1 gün sonra onların dinləmə, oxu və yazı bacarıqları qiymətləndirilib.
İmtahanda oxuma və dinləmə prosesində suallarının tərtib edilməsini, yazı və danışıq mərhələsində sualların hazırlanmasını Britaniya Şurası həyata keçirib.
Qeyd edək ki, IELTS qeydiyyat və imtahan mərkəzi Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq NDU-da yaradılıb. Mərkəzin məqsədi muxtar respublikada bu sahə üzrə ingilis dili bacarıqlarının qiymətləndirilməsi və namizədlərin beynəlxalq sertifikatla təmin olunmasıdır. Mərkəz yaxın zamanda universitetdə ingilis dilində ixtisasların sayının artmasına və qeyri-ixtisaslarda çalışan əməkdaşların ingilis dili bacarıqlarının qiymətləndirilməsinə öz müsbət təsirini göstərəcək.
IELTS imtahanı qlobal olaraq əksər rəsmi təşkilat və prestijli universitetlər tərəfindən qəbul edilən imtahandır. Ali təhsil ocağının qlobal rəqabətliliyini artıran belə bir mərkəzin NDU-da yaradılması universitetdə ingilisdilli təhsilin inkişafına da töhfə verəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts