NATO-nun kitab seriyasında azərbaycanlı alimlərin məqalələri dərc olunub

Tokio, 16 noyabr , /AJMEDIA/

Ötən il oktyabrın 27-29-da NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm Proqramının dəstəyi, İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.
Konfransda “Kritik infrastrukturların kibertəhlükəsizliyi”, “Kibertəhlükəsizlik üzrə təhsil: proqramlar və laboratoriyalar”, “Həssaslığın təhlili, yoxlanılması və risk menecmenti”, “Hücumların aşkarlanması, təsirinin azaldılması və qarşısının alınması” və s. istiqamətlər üzrə müzakirələr aparılıb.
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının həmin beynəlxalq konfransda təqdim etdikləri məruzələr NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm Seriyasından növbəti “Sənaye idarəetmə sistemləri vasitəsilə kritik infrastrukturların mühafizəsinin təmin edilməsi üçün kibertəhlükəsizlik” adlı kitabın “İnformasiya və kommunikasiya təhlükəsizliyi” bölməsində dərc olunub. Kitabda yer alan 28 məqalədən 18-nin müəllifləri İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarıdır.
Bu barədə AJMEDIA-ya institutdan məlumat verilib.
Kitabda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev və şöbə müdiri Rasim Mahmudovun həmmüəllifi olduqları “Azərbaycanda kiber-fiziki sistemlərin formalaşması və onların kompleks təhlükəsizliyinin bəzi aktual problemləri”, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova və baş elmi işçi texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın həmmüəllifi olduqları “Dəniz neft-qaz platformasında çalışan işçilərin sağlamlığının və təhlükəsizliyinin intellektual idarə olunması sisteminin arxitekturası”, icraçı direktor texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və böyük elmi işçi texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun həmmüəllifi olduqları “Bulud texnologiyasının SCADA sistemlərində tətbiqi məsələləri” adlı məruzələri yer alıb. Eləcə də institut əməkdaşlarının “Bulud əsaslı SCADA sistemlərində kibertəhlükəsizlik problemləri”, “Kiber-fiziki infrastrukturun funksional elementlərinin texniki vəziyyətinin və texnoloji təhlükəsizliyinin monitorinqi”, “Ontologiya vasitəsilə kibertəhlükəsizliyin təmin olunması üçün intellektual proqram sisteminin işlənilməsi”, “Bəzi sinif pilotsuz uçuş aparatlarının kibertəhlükəsizlik məsələləri”, “Pilotsuz uçuş aparatlarının aşkarlanması metodlarının müqayisəli təhlili”, “Pilotsuz uçuş aparatında kiberhücumların aşkarlanması üsulları”, “Sənaye idarəetmə sistemlərində anomaliyaların iyerarxik gizli Markov modelləri əsasında aşkarlanması” mövzusunda məruzələr öz əksini tapıb.
Həmçinin kitaba “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyevin “Sənaye idarəetmə sistemlərində kiber-kiziki infrastrukturlar üçün kompüter insidentlərinin tədqiqi”, texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev ilə institutun əməkdaşları Gülarə Məmmədova, Lalə Zeynalova və Rəna Məlikovanın həmmüəllifi olduqları “Elektron təhsildə informasiya təhlükəsizliyi problemləri və metodları”, şöbə müdiri Bikəs Ağayevin “Akustik küy çirklənməsinin təhlükəsizliyinin qiymətləndirilməsi üçün kiber-fiziki sistemlər platformasına əsaslanan metodologiya”, institutun əməkdaşları Təhmasib Fətəliyev və Nərgiz Verdiyevanın “Elm 4.0: kompleks təhlükəsizlik problemləri və həll mexanizmləri”, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyovanın “Sənaye 4.0 çağırışlarının demoqrafik proseslərə təsirinin təhlili və tədqiqi”, böyük elmi işçi Könül Daşdəmirovanın isə “Şəbəkələşmiş cəmiyyətin kiber sosio-texnoloji problemləri və onların analizi”, baş mütəxəssis Kəmalə Haşımovanın “Süni intellektin internet reklamı sahəsində tətbiqi məsələləri və perspektivləri”, baş mütəxəssis Tamilla Bayramovanın “Sənaye informasiya sistemləri üçün proqram təminatında çatışmazlıqların aşkarlanması üçün müasir metodların təhlili” mövzularında təqdim etdikləri məruzələr daxil edilib.
Qeyd edək ki, NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm Seriyası NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm Proqramının dəstəyi ilə nüfuzlu “Springer” və “IOS Press” nəşriyyatları tərəfindən nəşr olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts