“Müsyö Jordan” tamaşası Şuşada nümayiş olunacaq

Tokio, 10 oktyabr , /AJMEDIA/

Prezidenti İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan olunması haqqında Sərəncamı tarixi ənənələrə malik Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi qarşısında yeni–yeni vəzifələr qoymaqla yanaşı, fəaliyyətimizdə daha məsuliyyətli və diqqətli olmağımızı tələb edir. Şuşa Teatrı, onun tarixi keçmişi, bugünkü fəaliyyəti Azərbaycan teatrının ən şərəfli səhifələrindən biridir. Onu da qeyd etmək yerinə düşər ki, Şuşa Dövlət Musiqili Dram Teatrı 1992–ci ildən bu günə qədər Bakıda fəaliyyət göstərdiyi dövrdə Şuşanın adını layiqincə təmsil edərək Qarabağın sənət ab–havasını, tarixi ənənələrini qoruyub saxlayıb. Artıq “Şuşa İli”ndə Şuşa Dövlət Musiqili Dram Teatrı daha böyük şövqlə çalışmağa başlayıb. Şuşa şəhəri düşmən işğalından azad edildikdən sonra Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti–vəziri–xani–Lənkəran” komediyası ilə Şuşada ilk dəfə, məhz Şuşa Teatrının tamaşa oynaması bunun əyani sübutdur.
Bu sözləri AJMEDIA-ya açıqlamasında teatrın direktor müavini Azad Məmmədov söyləyib.
A.Məmmədov bildirib ki, oktyabrın11–də “Müsyö Jordan” yenidən Şuşada nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimovdur. Rolları Əməkdar artist Azad Məmmədov, aktyorlar Püstəxanım Zeynalova, Zəhra Salayeva, Məmməd Məmmədov, Gündüz Qasımov, Hamlet Qənbərov, Emin Sevdiməliyev və Mobil Qurbanov ifa edirlər. Tamaşa Mirzə Fətəli Axundzadənin 210 illik yubileyinə həsr olunub.
“Bütün dövrlərdə Şuşa Teatrı Mirzə Fətəli Axundzadə yaradıcılığına geniş yer ayırıb. Milli dramaturgiyanın banisi, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin 1850–ci ildə qələmə aldığı “Hekayəti–müsyö Jordan həkimi nəbatat və dərviş Məstəli şah caduküni–məşhur” komediyası, yazıldığı vaxtdan 172 il keçməsinə baxmayaraq bu gün də öz aktuallığını itirməyib. Elə bu səbəbdən də teatrlar vaxtaşırı bu əsərə müraciət edir. Şuşa Dövlət Musiqili Dram Teatrında “Hekayəti–müsyö Jordan həkimi nəbatat və dərviş Məstəli şah caduküni–məşhur” komediyasına 3 dəfə müraciət olunub. 1993–cü ildə mərhum sənətkarımız, Əməkdar artist Həsən Əblucun, 1999–cu ildə Kəmalə Məcidovanın və nəhayət 2017–ci ildə teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimovun quruluşunda təqdim olunub. Hər 3 tamaşa rejissor yozumuna görə bədii–estetik baxımdan bir–birindən tam fərqlidir. Kəmalə Məcidovanın quruluş verdiyi tamaşa 1999–cu ildə keçirilən “Milli klassika festivalı”nda, Loğman Kərimovun quruluş verdiyi tamaşa isə 2018–ci ildə keçirilən “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalında böyük uğurla oynanılıb. Ən maraqlı fakt isə budur ki, Şuşa şəhəri işğaldan azad edildikdən sonra, Şuşa Dövlət Musiqili Dram Teatrı ikinci dəfə yenə də Mirzə Fətəli Axundzadənin əsəri ilə doğma şəhərə səfər edir”, – deyə teatrın direktor müavini vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts