Tokio, 21 avqust, /AJMEDIA/
Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində avqustun 21-dən etibarən növbəti layihəyə – dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün praktiki seminarlara başlayıb.
AJMEDIA xəbər verir ki, layihənin əsas hədəfi seçki günü məlumatların operativ şəkildə ictimailəşdirilməsi, beləliklə, aşkarlığın və şəffaflığın həmin gün də yüksək səviyyədə təmin edilməsidir.
Seminarlar çərçivəsində dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin (DAİS) ümumi fəaliyyəti, yenilənərək daha da təkmilləşdirilən imkanları barədə ətraflı məlumatlandırılır, DAİS üzərindən tətbiq olunan proqram təminatlarından birbaşa və praktiki istifadə təmin edilir, eləcə də yaranan suallara yerindəcə əyani şəkildə aydınlıq gətirilir.
İnformasiya texnologiyaları üzrə mütəxəssislərə xüsusi proqram modullarından praktiki məşğələlərlə test rejimində işləməyə də şərait yaradılır ki, bu da Milli Məclisə seçkilər günü həm seçicilərin fəallığı, həm də səsvermənin nəticələrinə dair protokol məlumatlarının Mərkəzi Seçki Komissiyasına ötürülməsi üçün proqram təminatlarını dərindən mənimsəmələrinə imkan verir.
Dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssislərinin bilik, bacarıq və işgüzar vərdişlərinin gücləndirilməsində mühüm rolu olan praktiki seminarların avqustun 23-dək davam etməsi nəzərdə tutulur.