Site icon AJMEDIA Azərbaycanca

Moskvada “İRS-Naslediye” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Tokio, 12 mart , /AJMEDIA/

Moskvada “İRS-Naslediye” jurnalının 2022-ci ildə birinci nömrəsi çapdan çıxıb.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, jurnal ənənəvi olaraq baş redaktor Musa Mərcanlının sütunu ilə açılır. Baş redaktor oxucuların nəzərinə çatdırır ki, Azərbaycan hökuməti və respublika ictimaiyyəti əvvəlki kimi, bu il də əsas diqqəti Qarabağa yönəldəcək.

M.Mərcanlı yazır: “Bir tərəfdən erməni işğalından azad edilən torpaqlarda genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirilir, digər tərəfdən, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə Qarabağ münaqişəsinin başa çatmasına baxmayaraq, Qarabağda gərginlik hələ də qalmaqdadır. Bunun əsas səbəbi Ermənistanın müəyyən siyasi dairələrinin destruktiv mövqeyidir. Onlar xarici havadarlarının dəstəyi ilə iki ölkə arasındakı sərhəddə vəziyyəti hər cür yolla gərginləşdirirlər. Başqa sözlə desək, indiki hadisələrin XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsi yaranan andan baş verən hadisələrlə bənzərliyi var. Ötən yüzillik ərzində vaxtaşırı gərginləşən bu problem üçün Azərbaycan xalqının hüquqlarının məqsədyönlü şəkildə tapdanması, bu xalqı əzəli torpaqlardan sıxışdırıb çıxarmaq xarakterikdir. Bu kontekstdə açıq şəkildə Azərbaycan xalqının həyati maraqlarına qarşı yönələn bu düşmən siyasətə müqavimət göstərmək xarakteri aktuallıq kəsb edir. Bundan başqa, xalqı onun qanuni hüquqlarının müdafiəsi naminə birləşdirməyə qabil olan liderlər amili birinci plana çıxır”.

Bu mövzu jurnalın builki ilk nömrəsində dərcinə başlanılan “Böyük Qələbə: tarixi rakurs” materialında müzakirə edilir. Müəllif – tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi Qarabağ probleminə münasibətdə Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920), Azərbaycan SSR-in (1920-1991) və müasir Azərbaycanın siyasətinə qısa nəzər salır. O, təkcə Qarabağ problemi deyil, bütövlükdə milli maraqların qorunması kontekstində liderlik mövqeyindən dövlət rəhbərlərinin fəaliyyətinə ətraflı diqqət yetirir. Bununla yanaşı, belə bir qanunauyğun nəticə çıxarılır ki, ötən əsrin 80-ci illərində Azərbaycan SSR-in rəhbərliyindəki şəxslərin dövlət lideri qismində qeyri-qənaətbəxş olması Qarabağ münaqişəsinin genişlənməsində və onun dağıdıcı fəsadlarında heç də az rol oynamayıb.

Nömrədəki materiallar arasında Qarabağda, onun iqtisadi və mədəni mərkəzi olan Şuşada ta qədimdən geniş yayılan idman ənənələri barədə məqalə, şübhəsiz ki, oxucuların marağına səbəb olacaq. Müəllif ədəbi və sənədli mənbələr əsasında keçmişdə Azərbaycan xalqı arasında idman yarış-tamaşaları qısaca təsvir edir, bu oyunların gənclərdə döyüşçüyə lazım olan dərrakə, güc, igidlik, dözümlülük kimi keyfiyyətlərin tərbiyə edilməsində mühüm rolunu göstərir. Həmçinin keçmiş dövrə xas olan idman ənənələrinin, oyunların müasir Azərbaycanda qorunub saxlanması və genişləndirilməsi tədbirləri barədə məlumat diqqətə çatdırılır.

Jurnalın bu nömrəsində XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşayan tanınmış rus fotorəssamı Dmitri Yermakovun yaradıcılığının Bakı mərhələsinə həsr olunan material da yer alıb. Ustadın Bakıda sənayenin sürətli inkişafı dövründə çəkdiyi çoxsaylı fotoşəkillər Azərbaycan paytaxtının tarixi, memarlığı, etnoqrafiyası üzrə qiymətli mənbədir. Bu dəfə ədəbiyyat rubrikasında XX əsrin birinci yarısında yaşamış tanınmış dramaturq və şair Cəfər Cabbarlı haqqında material oxuculara təqdim olunur.

Yeni nömrədə adəti üzrə Azərbaycanın tarixi və mədəniyyətinin müxtəlif aspektləri üzrə materiallar təqdim olunur.

Exit mobile version