Misirdə heyvan mumiyaları tapılıb

Tokio, 27 mart , /AJMEDIA/

Nyu-York Universitetinin arxeoloji missiyası tərəfindən Misirin Abidos nekropolunda yerləşən II Ramzes məbədində aparılan qazıntı işləri zamanı əsrlər boyu dini ibadətə dair əvvəllər sənədləşdirilməmiş dəlillər təqdim edən mumiyalanmış heyvanların olduğu tikili tapılıb.
AJMEDIA “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, Misirin Qədim Əsərlər Ali Şurasının baş katibi Mustafa Vəziri bu ərazidə aparılan arxeoloji qazıntılar zamanı Ptolemey dövrünə aid 2 mindən çox mumiyalanmış qoç başları ilə yanaşı, mumiyalanmış qoyunlar, itlər, keçilər, inəklər, ceyranların da aşkar edildiyini bildirib. O əlavə edib ki, həmin heyvan mumiyalarının bəziləri hələ də kətan sarğıdadır və məbədin şimal bölgəsində bu yaxınlarda aşkar edilmiş ibadət məkanlarından birində saxlanılır.
Arxeoloji missiyanın rəhbəri Sami İsgəndər jurnalistlərə müsahibəsində qeyd edib ki, məbədin içərisinə ehtimal ki, nəzir kimi qoyulmuş bu çoxlu sayda mumiyalanmış qoçların tapılması Ptolemeylər dövründə Abidosda ibadətlər zamanı heyvanlardan istifadə edilməsi təcrübəsinə dəlalət edir. Bu, II Ramzesin xatirəsinin onun dövründən min il sonra (e.ə. 1303-1213) Abidosda hələ də ehtiramla xatırlandığını göstərir. Lakin Qədim Misirin ən böyük fironunun məbədinin yaxınlığına gətirilən bu heyvanlar kahinlər tərəfindən öldürüldükdən sonra mumiyalanırmış.
Missiya, həmçinin Abidosda ilk dəfə görünən və fironların altıncı sülaləsinin (e.ə. 2181-ci il) sonuna aid və təxminən beş metr qalınlığında divarları olan qeyri-adi memarlıq planına malik böyük bir saray quruluşu olan tikili aşkar edib. “Bu tikili Abidosdakı fironların və kahinlərin fəaliyyəti haqqında vacib, çoxşaxəli və möhtəşəm məlumat verəcək, II Ramzes məbədinin tikintisinə qədər bu ibadət məkanının qədim mənzərəsini bərpa etməyə kömək edəcək böyük perspektivlər açacaq”, – deyə S.İsgəndər əlavə edib.
Yuxarı Misir Antik Əsərləri Mərkəzinin rəhbəri Muhammed Abdel-Badei bildirib ki, missiya, həmçinin məbədin şimal qapalı divarlarını və müxtəlif strukturlarını təmizləyə bilib. Bu, məbədin ərazisinin sərhədini aydın şəkildə müəyyən edir və fironların gündəlik həyat tərzini, məntəqədəki həyat, onun idarəçiliyi və ibadətləri daha yaxşı anlamağa imkan verir. Onun sözlərinə görə, yeni tapıntı II Ramzesin məbədinin kəşf edilməsindən 150 il sonra ən böyük arxeoloji uğurdur. Missiya, həmçinin ərazidən bir çox heykəllər, papiruslar, qədim ağacların qalıqları, dəri paltarlar və ayaqqabılar tapıb. “Yeni kəşflər Qahirədən 400 kilometr cənubda, Nil çayı boyunca yerləşən və fironların altıncı sülaləsindən Ptolemey dövrünə qədər iki minillik bir dövrə qədər olan məbəd haqqında biliklərimizi genişləndirən zəngin məlumatı ehtiva edir”, -deyə Abdel-Badei vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts