Misir-Azərbaycan əlaqələri: tarix və perspektivlər

Tokio, 28 yanvar , /AJMEDIA/

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri əlamətdar hadisə olmaqla yanaşı, həm də qarşılıqlı əlaqələrin inkişafında yeni səhifənin açılmasına səbəb olub.
Hələ 1958-ci ilin mayında keçmiş SSRİ-də rəsmi səfərdə olan Misirin o dövrdəki Prezidenti Camal Əbdülnasir Bakıya gəlmiş və ölkəmizdən çox böyük təəssüratlarla ayrılmışdır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Misir 1991-ci il dekabrın 26-da ölkəmizin müstəqilliyini tanıyıb və 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirədə işgüzar səfərdə olarkən Misir Prezidenti ilə görüşüb. Prezidentlərin bu görüşündə Azərbaycan-Misir münasibətlərinin yeni perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində çox mühüm məsələlər müzakirə edilib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Ulu Öndər Heydər Əliyevin əlaqələri inkişaf etdirmək istiqamətində həyata keçirdiyi siyasətin nəticəsi olaraq 2005-ci il noyabrın 6-13-də Misirdə Azərbaycan və 2006-cı il noyabrın 20-28-də Azərbaycanda Misir mədəniyyət günləri keçirilib.
Prezident İlham Əliyev 2007-ci il mayın 6-8-də Misirdə rəsmi səfərdə olub. Dövlətimizin başçısı səfər çərçivəsində Qahirədə Azərbaycan səfirliyinin yeni binasının açılış mərasimində iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Misir Parlamenti tərəfindən medal ilə təltif olunub. Qızıldan hazırlanmış bu medal Misir Xalq Məclisinin ali qonaqlarına təqdim edilir.
Səfər zamanı Azərbaycanın M.F.Axundzadə adına Milli Kitabxanası və Misirin İsgəndəriyyə Kitabxanası, Azərbaycanın Abşeron Rayon İcra Hakimiyyəti və Misirin Qəlyubiyyə əyaləti arasında Anlaşma Memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Misirin Mineral Ehtiyatlar Qurumu arasında texniki əməkdaşlıq Protokolu, həmçinin İnformasiya Texnologiyaları Nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumuna və iki ölkənin hökumətləri arasında hava nəqliyyatı haqqında sazişə əlavə Protokol imzalanıb. Bundan başqa 2016-cı il noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Misirdə, 2019-cu ilin noyabrında Misirin xarici işlər naziri Sameh Şukri Qoşulmama Hərəkatının XVIII Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycanda səfərdə olub. Bu səfərlər zamanı keçirilən görüşlər və müzakirə olunan məsələlər qarşılıqlı əlaqələrin bugünkü inkişaf səviyyəsinə çatmasında əhəmiyyətli rol oynayıb.
Hələ 2002-ci ilin oktyabrda Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılıb ki, bunun da fəaliyyəti nəticəsində əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Komissiyanın fəaliyyətinin nəticəsi olaraq indiyədək ölkələrimiz arasında 50-yə yaxın sənəd imzalanıb, 21 sənəd layihəsi isə müzakirə mərhələsindədir. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 14 şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda, Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir. Dövlətlərarası ticarət dövriyyəsi 2020-ci ildə 7792.48 ABŞ dolları həcminə yüksəlib.
2008-ci ildə Qəlubiyyə vilayətində Misir-Azərbaycan dostluq parkının, parkda Ümummilli Lider Heydər Əliyevin abidəsinin və “Azərbaycan” küçəsinin açılışı olub. Abşeron rayonu ilə Qəlubiyyə vilayəti arasında əməkdaşlıq, Cənubi Sinay vilayəti və Qəbələ rayonu arasında 2015-ci ildə dostluq sazişinin imzalanması digər regionlar arasında da əməkdaşlıq üçün nümunə ola bilər.
Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri, aparılan danışıqlar, keçirilən müzakirələr və qarşılıqlı faydalı əməkdaşlıq haqqında sənədlərin imzalanması münasibətlərdə yeni inkişaf səhifəsinin açıldığını deməyə əsas verir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts