Minifutbol üzrə Azərbaycan milli komandası tarixində ilk dəfə Avropa çempionu olub

Tokio, 12 iyun , /AJMEDIA/

İyunun 11-də minifutbol üzrə Azərbaycan yığma komandası tarixində ilk dəfə Avropa çempionu adını qazanıb.
AJMEDIA xəbər verir ki, yığmamız Slovakiyanın Koşitse şəhərində keçirilən çempionatın finalında qitə birinciliklərinin ən titullu komandasını – altıqat Avropa çempionu Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək qızıl medala sahib olub. Oyunda yeganə qolu qarşılaşmanın 25-ci dəqiqəsində Seymur Məmmədov vurub.
Bürünc medallara Qazaxıstan yığmasını 4:1 hesabı ilə məğlub edən Bolqarıstan yığması layiq görülüb.
Sonra çempion Azərbaycan millisi, medallara layiq görülən digər komandaların üzvləri və fərqlənən futbolçular mükafatlandırılıblar.
Komandamızın qolkiperi Davud Kərimi minifutbol üzrə Avropanın ən yaxşı qapıçısı, Bəxtiyar Sultanov isə qitə çempionatının ən yaxşı oyunçusu seçilib.
Xatırladaq ki, Avropa çempionu adını qazanan komandamızın heyətində Anar Məmmədov, Tanrıverdi Məhərrəmli, Tural Nərimanov, Vitali Borisov, Seymur Məmmədov, Asif Zeynalov, Elvin Əlizadə, Samir Həmzəyev, Vüsal İsayev, Taleh Babayev, Mirmehdi Rzayev, Ramil Həsənzadə, Orxan Əliyev, İlkin Hacıyev, Təmraz Əmircanov, Rəvan Kərimov, Bəxtiyar Soltanov, Mehdi Rəsulov, Davud Kərimi və Elmar Qasımov yer alıblar.
Qeyd edək ki, Azərbaycan millisi 24 komandanın yarışdığı Avropa çempionatında mübarizəyə B qrupunda başlayıb. Komandamız qrupda da rəqib olan Rumıniyaya uduzsa da (0:2), İspaniya (5:1) və Albaniyaya (1:0) qalib gələrək səkkizdəbir finala yüksəlib. Azərbaycan millisi səkkizdəbir finalda İsraili 3:0, dörddəbir finalda isə ev sahibi Slovakiyanı minimal hesabla məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Qazaxıstan yığması üzərində əzmkar qələbə (3:2) qazanan futbolçularımız finalda oynamaq hüququ əldə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts