Milli Kitabxanada Xurşidbanu Natəvana aid elektron məlumat bazası hazırlanıb

Tokio, 24 may , /AJMEDIA/

Bu il Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan, Şərq poetik ənənələrinə sədaqətilə seçilən, daim bu ruhda yazıb-yaradan, insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və incə bədii boyalarla zəngin bir irs qoyub getmiş Xan qızı Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur.
Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Mədəniyyət Nazirliyinin tədbirlər planını əsas tutaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Azərbaycan bədii fikrinin görkəmli siması – Xan qızı Xurşidbanu Natəvan” adlı Elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan AJMEDIA-ya bildirilib ki, elektron məlumat bazası “Prezident İlham Əliyevin Xan qızının xatirəsinin əbədiləşdirilməsinə diqqəti”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Xurşidbanu Natəvan haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Filmoqrafiya”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/X.Natevan/index.html linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, Xurşidbanu Natəvan XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan şairləri arasında çox yüksək məqam sahibi idi. Adının hər zaman böyük hörmətlə xatırlanması, mənəvi irsinə verilən yüksək dəyər şairin ədəbi yaradıcılığı ilə yanaşı, həm də ictimai fəaliyyətindən irəli gəlirdi. Onun başçılıq etdiyi ədəbi məclislər ətrafında dövrün qabaqcıl ziyalıları toplanıb və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərib.
Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyub. Xurşidbanu Natəvan təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts