Site icon AJMEDIA Azərbaycanca

Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür

Tokio, 3 mart , /AJMEDIA/

Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür.

AJMEDIA xəbər verir ki, Ümumdünya Vəhşi Təbiət Günü 2013-cü il dekabrın 20-də BMT Baş Assambleyasının qərarı ilə ictimaiyyətin vəhşi təbiətə dair məlumatlandırma səviyyəsini yüksəltmək məqsədilə təsis edilib.

1973-cü ilin həmin günündə nadir flora və fauna növləri ilə beynəlxalq ticarəti tənzimləyən, CITEC kimi məşhurlaşan Konvensiya qəbul edilib. Vəhşi heyvan və yabanı bitki növləri CITEC-in siyahısına düşən kimi bu növlərin beynəlxalq ticarəti nəzarətə götürülür. Nəzarətin dərəcəsi onların statusundan asılı olur: nəsli və kökü kəsilməkdə olan nadir növlərin ticarətinə nəzarətdən tutmuş tam qadağan olunmasına qədər. Hazırda CITEC təxminən 5,9 min heyvan, 32,8 min bitki növünə beynəlxalq səviyyədə nəzarət edir.

Ümumdünya Vəhşi Təbiət Günü diqqəti vəhşi fauna və yabanı floranın müxtəlifliyinə və gözəlliyinə cəlb etmək imkanı verir, habelə təbiəti mühafizə tədbirlərinin insana faydası barədə məlumatlılıq səviyyəsini artırmağa kömək edir. Bundan əlavə, həmin gün vəhşi təbiətə münasibətdə uzağa gedən iqtisadi, ekoloji və sosial nəticələr doğuran cinayətlərə qarşı mübarizənin gücləndirilməsinin zəruri olduğunu bizə xatırladır.

Hər il müxtəlif adlar altında qeyd olunan Ümumdünya Vəhşi Təbiət Günü bu il “Ekosistemlərin bərpası üçün əsas növlərin bərpası” devizi altında keçirilir.

Ölkəmizdə flora və fauna növlərinin mühafizəsi məqsədilə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Onların ümumi sahəsi ölkə ərazisinin 10,3 faizini təşkil edir. İki dövlət qoruğu, dörd yasaqlıq – Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqları işğaldan azad olunmuş ərazilərdədir. Hazırda faktaraşdırıcı qruplar həmin ərazilərdə yasaqlıqlara, qoruqlara, biomüxtəlifliyə dəymiş ziyanın hesablanması ilə bağlı monitorinqlər aparırlar. Növbəti dövrlərdə həmin qoruq və yasaqlıqların bərpası ilə bağlı işlər həyata keçiriləcək.

Hazırda Azərbaycanda vəhşi təbiətin mühafizəsi istiqamətində bir sıra tədbirlər görülür. Nəsli kəsilmək təhlükəsi olan növlərin bərpasına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən beynəlxalq və yerli təşkilatlarla birgə layihələr icra olunur. Nazirlik yeni layihələrlə ceyranların tarixi arealını bərpa edir. Azərbaycan ərazisində ötən əsrin ortalarına kimi ceyranların sayı çox olsa da, 1960-cı illərə qədər bu say qanunsuz ov və ekoloji mühitin təsirlərinə məruz qalaraq xeyli azalıb və 200-ə qədər enib. Təkcə Şirvan Milli Parkının ərazisində maksimum 70-dək ceyran qaldığı üçün ərazi nəzarətə götürülərək mühafizəsi təşkil edilib. Ona görə də burada ceyranların baş sayında artım özünü büruzə verib. Hazırda Şirvan Milli Parkında ceyranların sayı 7 minə yaxındır.

Digər layihə isə zubrlarla bağlıdır. Cənubi Qafqazda zubrların son nəsli 1937-ci ildə kəsilib. Nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Avropanın müxtəlif ölkələrindən zubrlar gətirilərək Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə təbiətə buraxılır. Hazırda Şahdağ Milli Parkında zubrların sayı 29 başdır. Onların 20 ədədi Şahdağ Milli Parkının ərazisinə buraxılıb. Ən son olaraq noyabr ayında 9 baş zubr gətirilib. Onlar təbiətə uyğunlaşması üçün milli parkın ərazisində volyer şəraitində saxlanılır. Daha sonra həmin zubrlar da digər fərdlər kimi Şahdağ Milli Parkının ərazisinə buraxılacaq. 2019-cu ildən bu yana milli parkda beş bala dünyaya gəlib. Balalar sağlamdır və təbiətə tam uyğunlaşıb. 2028-ci ilə kimi daha 100 baş zubrun gətirilərək təbiətə buraxılması nəzərdə tutulub.

Hazırda Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçirilir və ziyarətçilər milli parklara giriş haqqından azad edilirlər.

Exit mobile version