Malayziyanın Milli Müdafiə Universiteti ilə ADA Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Tokio, 21 Noyabr, /AJMEDIA/

Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə ADA Universiteti və Malayziya Milli Müdafiə Universiteti (MMMU) arasında onlayn görüş keçirilib.

AJMEDIA xəbər verir ki, Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov çıxış edərək, belə görüşlərin təşkilinin vacibliyinə toxunub və qarşıdakı dövrdə səfirliyin bu istiqamətdə mümkün olan hər bir dəstəyi göstərməyə hazır olduğunu deyib. Səfir Azərbaycan-Malayziya münasibətlərinin yüksək dostluq və əməkdaşlıq səviyyəsindən bəhs edərək, bu əlaqələrin gücləndirilməsində humanitar sahənin, o cümlədən təhsil üzrə qarşılıqlı əməkdaşlığın və birgə fəaliyyətin əhəmiyyətindən danışıb, tərəflərə gələcək işlərində uğurlar arzulayıb.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə təmsil etdiyi ali təhsil müəssisəsinin beynəlxalq təcrübəsindən nümunələr gətirərək, Cənub-Şərqi Asiya regionunda Malayziyanın qabaqcıl ali məktəbləri, o cümlədən MMMU ilə əməkdaşlığın yaradılmasının və genişləndirilməsinin vacibliyini vurğulayıb.

MMMU-nun akademik və beynəlxalq münasibətlər mərkəzinin direktoru Dato’ Mohamad Akhtar bin Ahmad Zainudin də öz növbəsində ADA Universitetinin nailiyyətlərinin əməkdaşlıq baxımından maraq doğurduğunu bildirib, elm-təhsil, eləcə də tələbə və müəllim mübadilə proqramları üzərində birgə işin əhəmiyyətindən danışıb.

Görüşdə hər iki ali təhsil müəssisəsinin nümayəndələri fikir mübadiləsi apararaq, əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, 1995-ci ildə təsis edilən Malayziya Silahlı Qüvvələrinin Akademiyası növbəti illərdə öz imkanlarını genişləndirib və 2006-cı ildən MMMU kimi fəaliyyət göstərir. Hazırda MMMU yalnız Malayziyanın deyil, həmçinin Cənub-Şərqi Asiya regionunun ixtisaslaşmış aparıcı ali təhsil müəssisələrindən biri sayılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts