Malayziyanın MARA Texnologiya Universiteti Azərbaycanın ali təhsil məktəbləri ilə əməkdaşlıqda maraqlıdır

Tokio, 12 Oktyabr, /AJMEDIA/

Malayziyanın MARA Texnologiya Universiteti Azərbaycanın ali məktəbləri ilə əməkdaşlıqda maraqlıdır.

AJMEDIA xəbər verir ki, bunu Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov ilə görüşdə bu ölkənin qabaqcıl ali təhsil müəssisələrindən biri olan MARA Texnologiya Universitetinin (UiTM) vitse-kansleri professor Hacah Rokiya Mohd Canor deyib. Görüşdə UiTM ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlıq məsələləri, o cümlədən tələbə və təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Səfir İ.Davudov Azərbaycan ali məktəblərinin təşkilati quruluşu və fəaliyyət istiqamətləri barədə qarşı tərəfi məlumatlandıraraq, təhsil sahəsində görülən işlərin ölkəmizdə həyata keçirilən böyük miqyaslı sosial islahatların ən vacib komponentlərindən biri olduğunu bildirib. Azərbaycanda ölkə rəhbərliyinin neft kapitalının insan kapitalına çevrilməsinə böyük önəm verdiyini bildirən diplomat, ali təhsil müəssisələrinin tədris imkanlarının genişləndirilməsi üçün dövlət proqramlarının həyata keçirildiyini vurğulayıb. Həmçinin azərbaycanlı gənclərin dünyanın ən mütərəqqi universitetlərində elmi biliklərə yiyələnməsi üçün dövlət tərəfindən xüsusi maliyyə fondu ayrıldığını, istedadlı gənclərin xarici ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında göndərildiyini qeyd edib. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilmiş Dövlət Proqramının artıq öz bəhrəsini verdiyini, bunun vasitəsilə xaricdə təhsil alan azərbaycanlı gənclərin ölkənin inkişafında fəal iştirak etdiyini vurğulayıb. Səfir qeyd edib ki, sentyabrın 30-da Azərbaycan Prezidentinin gənclərimizin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi barədə imzaladığı Sərəncam da bu sahədə davamlı siyasəti təsdiq edir.

UiTM-in vitse-kansleri professor Hacah Rokiya təmsil etdiyi ali təhsil müəssisəsinin 1956-cı ildə adi institut kimi fəaliyyətə başladığını, bu gün isə təqribən 172 min tələbəsi ilə təkcə Malayziyada deyil, Cənub-Şərqi Asiyada qabaqcıl ali təhsil müəssisəsi kimi fəaliyyət göstərdiyini bildirib. O, hazırda UiTM-də tətbiqi elmlər, memarlıq, mühəndislik, kompüter və riyazi elmlər, tibb, farmakologiya, kənd təsərrüfatı və aqrotexnologiya, həmçinin fiziki tərbiyə fakültələrinin hər il yüksəkixtisaslı kadrlar yetişdirdiyini diqqətə çatdırıb. Universitetdə çoxsaylı əcnəbi tələbələrin də təhsil aldığını vurğulayan vitse-kansler Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib. Bu istiqamətdə Azərbaycan səfirliyi ilə birgə səylərin önəmini qeyd edib.

İ.Davudov Azərbaycan və Malayziya kimi dost ölkələrin təhsil sahəsində əməkdaşlıq nailiyyətlərinin iki ölkənin gəncləri arasında da dostluq əlaqələrinin güclənməsinə, o cümlədən mədəni-humanitar təcrübə mübadiləsinin genişlənməsinə müsbət təsirini vurğulayıb.

Həmçinin səfir 44 günlük müharibədən sonra işğaldan azad edilmiş ərazilərə UiTM tədqiqatçılarının səfərlərinin təşkil edilməsinin əhəmiyyətini qeyd edib. Bu səfərlər vasitəsilə malayziyalı alimlərin həm müharibə dəhşətlərini öyrənmək və tədqiq etmək, həm də ağır müharibədən sonra Azərbaycanın başladığı fundamental bərpa və quruculuq işləri ilə tanış olmaq imkanı qazana biləcəyini bildirib. Bununla yanaşı, malayziyalı investorların elmi faktlara əsaslanmış hesabatlarla tanış olmaq imkanı qazanacağını qeyd edib.

Görüşün sonunda Azərbaycan səfiri UiTM-in fəxri qonaqları üçün ayrılmış xatirə dəftərini imzalayıb. Azərbaycanın tarixi-mədəni irsini əks etdirən nəşrlər toplusunu universitetin kitabxanasına hədiyyə edib.

Qeyd edək ki, yerli ənənəyə əsasən, dünya reytinq sıralamasında qabaqcıl ali təhsil müəssisəsi kimi tanınan UiTM-nin rəmzi kansleri vəzifəsini ölkə kralı təmsil edir. Hazırda Malayziya Kralı Əlahəzrət Sultan Abdullah eyni zamanda UiTM-in kansleri vəzifəsini tutur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts