Malayziyada Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Tokio, 30 may , /AJMEDIA/

Azərbaycanın Malayziyadakı səfirliyi Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbul keçirib.
Səfirlikdən AJMEDIA-ya bildiriblər ki, tədbirdə ali qonaq qismində Malayziyanın yerli və regional inkişaf nazirinin müavini xanım Datuk Hacah Rubiah, Malayziyanın sabiq xarici işlər naziri, hazırda ölkə parlamentinin yuxarı palatasının üzvü, senator Anifah Aman, parlamentin Nümayəndələr Palatasında Azərbaycan-Malayziya dostluq qrupunun üzvü Zahir Hasan, diplomatlar, Malayziya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, Azərbaycan icmasının fəalları, media təmsilçiləri, ictimaiyyətin nümayəndələri, habelə Malayziyada səfərdə olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Nazir müavini Datuk Hacah Rubiah Azərbaycan və Malayziya xalqlarının tərəqqisi və firavanlığı, iki ölkənin dövlət başçılarının sağlamlığı və uğurlu fəaliyyətləri barədə arzularını çatdırıb.
Hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsindən sonra səfir İrfan Davudov müstəqillik tariximizdən bəhs edərək, xalqımızın 1918-ci ildə müsəlman dünyasında ilk parlamentli respublika qurduğunu, həmin dövr üçün bu addımın olduqca mütərəqqi nailiyyət hesab olunduğunu qeyd edib. Bildirib ki, növbəti illərdə tarixin ağır sınaqlarına baxmayaraq, Azərbaycan xalqı milli özünəməxsusluğunu, milli mənsubiyyətini böyük mübarizələr hesabına qoruya bilib, 1991-ci ildə öz dövlətçilik irsini yenidən canlandıraraq müstəqilliyini bərpa edib.
Səfir İ.Davudov 2023-cü ilin azərbaycanlılar və dünyadakı Azərbaycan dostları üçün daha bir hadisə ilə əlamətdar olduğunu qeyd edib. O, bildirib ki, bu il Azərbaycan xalqı özünün Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd edir. Diplomat müasir Azərbaycan dövlətçiliyinin tarixinə nəzər salaraq bildirib ki, 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etsə də, müstəqilliyin ilk illəri Azərbaycan üçün kifayət qədər çətin, mürəkkəb və xaotik mərhələdən keçib. Məhz belə bir zamanda xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, qətiyyəti və həyata keçirdiyi hərtərəfli islahatlar, əsasını qoyduğu yeni neft strategiyası nəticəsində Azərbaycanın dövlətçilik təməli möhkəmlənib, onun layiqli davamçısı Prezidenti İlham Əliyevin strateji zəkası nəticəsində ölkəmiz dinamik inkişaf yolunda uğurla irəlilədiyi, regionda lider dövlətə çevrilib. Səfir, həmçinin bu əlamətdar hadisənin Malayziyada da Ulu Öndərə həsr edilmiş müxtəlif tədbirlərlə geniş qeyd edildiyini, bu tədbirlərin cari ilin sonuna qədər davam edəcəyini bildirib.
Diplomat 2023-cü ilin Azərbaycan-Malayziya dostluğu baxımından da yadda qalan il olduğunu qeyd edərək bildirib ki, bu il həm də Azərbaycan və Malayziya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edir. İki ölkə arasında qarşılıqlı hörmət, əməkdaşlıq ruhuna əsaslanan münasibətlər uğurlu inkişaf yolu keçərək, hazırkı yüksək səviyyəyə çatmış və bütün istiqamətlər üzrə inkişaf etməkdə davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts