Malayziya universitetlərində Azərbaycanın tarixi və milli-mədəni irsi mövzusunda tədbirlər keçirilib

Tokio, 1 iyul , /AJMEDIA/

Malayziyanın qabaqcıl ali təhsil müəssisələrindən biri olan MARA Texnologiya Universitetində və Malaya Universitetində Azərbaycanın zəngin dövlətçilik tarixinə, milli-mədəni irsinə həsr edilmiş silsilə tədbirlər keçirilib.
AJMEDIA xəbər verir ki, iyunun 28-də MARA Texnologiya Universitetinin Beynəlxalq Əməkdaşlıq Departamenti tərəfindən virtual qaydada keçirilən “Beynəlxalq Tərəfdaşların Mühazirə Silsiləsi” çərçivəsində Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov əsas məruzəçi qismində çıxış edib. O, “Müsəlman dünyasında ilk parlament demokratiyası: İslam ölkələri tarixində yeni eranın başlanğıcı” sərlövhəli məruzədə xalqımızın zəngin dövlətçilik ənənələrindən və müasir Azərbaycanın inkişaf tarixinin əsas istiqamətlərindən bəhs edib. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə yeni mərhələyə keçən dövlətçilik tariximiz, ADR hökuməti tərəfindən həyata keçirilən tədbirlər və bu respublikanın süqutunu şərtləndirən amillər, həmçinin ADR-in yaranmasının bütünlükdə islam dünyası üçün əhəmiyyəti barədə ətraflı danışıb.
Səfir, eyni zamanda, müasir dövrdə ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində Azərbaycan dövlətinin öz siyasi, iqtisadi, sosial dayaqlarını gücləndirdiyini, beynəlxalq sistemdə mövqeyini möhkəmləndirdiyini nəzərə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin səriştəli idarəçiliyi ilə ölkəmizin sosial-iqtisadi sahələrdə böyük uğurlar qazandığını, mədəni inkişafın sürətləndiyini qeyd edib. Uzun illər işğal altında olan torpaqlarımızın Vətən müharibəsi nəticəsində azad edildiyini və bu şanlı Zəfərin Azərbaycan xalqının ictimai-siyasi tarixində dönüş nöqtəsi olduğunu vurğulayıb.
Tədbirdə universitetin hüquq, jurnalistika və sosial elmlər üzrə fakültələrinin müəllim və tələbələri iştirak ediblər. Mühazirədən əvvəl Azərbaycana həsr edilmiş video-çarxlar nümayiş olunub. Mühazirənin sonunda Azərbaycan səfiri iştirakçıların suallarını cavablandırıb.
Növbəti tədbir iyunun 29-da Malaya Universitetində təşkil olunub. Universitetin pedaqoji heyətinə, gənc tədqiqatçılara və tələbələrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud olan tarixi və mədəni irs abidələrinin vəziyyəti, işğal dövründə ermənilər tərəfindən həmin abidələrə qarşı həyata keçirilmiş vandalizm aktları barədə məlumat verilib. Səfirliyin müşaviri Rafiq Rüstəmov tərəfindən “Azərbaycanın tarixi, mədəni və İslam irsi” başlıqlı təqdimat-məruzədə, həmçinin Azərbaycan ilə UNESCO arasında cari əməkdaşlıq münasibətlərindən bəhs edilib.
Tədbir Səfirliklə Malay Universitetinin əməkdaşlığı çərçivəsində, Universitetdə fəaliyyət göstərən UNESCO Klubu və Sivilizasiya Dialoqu Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Malayziya Müsəlman Gənclər Hərəkatı (Angkatan Belia Islam Malaysia – ABIM) qeyri-hökumət təşkilatının dəstəyi ilə keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts