Malayziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkə kimi bir sıra məsələlərin həllində birgə fəaliyyətin tərəfdarıdır

Tokio, 22 yanvar, /AJMEDIA/

Yanvarın 21-də Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli ölkəmizdə səfərdə olan Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AJMEDIA xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclis sədrinin müavini Azərbaycanla Malayziya arasında yaxın münasibətlərin mövcud olduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında siyasi, diplomatik əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirən Fəzail İbrahimli parlamentlərarası əməkdaşlıqdan danışıb. Bildirilib ki, bu sahədə dostluq qruplarının fəaliyyəti danılmazdır.

F.İbrahimli Azərbaycanın 44 günlük Vətən müharibəsində Malayziyanın ölkəmizin haqq işini dəstəklədiyini qeyd edib və bu dəstəyin Azərbaycanda yüksək qiymətləndirildiyini deyib. O, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illər ərazində həyata keçirdiyi vandalizm, maddi-mədəni irsimizə, xüsusilə də məscidlərimizə qarşı qeyri-insani davranışları barədə qonaqlara məlumat verib.

Milli Məclis sədrinin müavini Malayziyanın beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də ölkəmizə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Azərbaycana üçüncü dəfə səfər etdiyini deyən Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffar budəfəki səfəri çərçivəsində keçirəcəyi görüşlərin əhəmiyyətini qeyd edib. Bildirib ki, bu cür səfərlər iki ölkə arasında münasibətlərin daha da inkişafı baxımından çox mühümdür. Malayziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkə kimi bir sıra məsələlərin həllində birgə fəaliyyət göstərməyin və bundan xalqlarımızın mənafeyi naminə bəhrələnməyin tərəfdarıdır.

Söhbət zamanı iki ölkə arasında parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışılıb, ölkələrimizin daha firavan gələcəyə nail olacağına əminlik ifadə edilib.

Görüşdə Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov, qrupun üzvləri Aydın Hüseynov, İqbal Məmmədov, Fazil Mustafa, malayziyalı diplomatlar və digər rəsmi şəxslər iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts