Macar şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində reallaşdırılacaq layihələrdə iştirakı müzakirə edilib

Tokio, 19 Noyabr, /AJMEDIA/

Macarıstan şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında həyata keçiriləcək layihələrdə iştirakı məsələləri müzakirə edilib.

AJMEDIA xəbər verir ki, Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə etimadnaməsinin əslini Macarıstan Prezidenti Yanoş Aderə təqdim etdikdən sonra keçirilən ziyafətdə Dövlət katibləri A.Baranyi və M.Lendyel ilə bu barədə fikir mübadiləsi aparıb.

Ziyafətdə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katiblərinin müavinləri Andraş Baranyi və Mikloş Lendyel, Protokol idarəsinin rəisi İvan Medveczky, Xarici İşlər Nazirliyinin aparat rəhbərinin müavini Tamaş Torma və Şərqi Avropa İdarəsinin əməkdaşları, həmçinin Macarıstandakı diplomatik korpusun duayeni, Vatikan nunsisi Michael A.Blume və səfirliyin kollektivi iştirak edib.

Səfir Tahir Tağızadə qonaqları salamlayaraq, etimadnaməsinin təqdim olunması mərasimindən sonra Prezident Yanoş Ader tərəfindən səmimi qəbul üçün minnətdarlığını ifadə edərək, strateji tərəfdaşlıq və dostluq münasibətlərinin, xalqlarımız arasında əlaqələrin bundan sonra daha da inkişafı istiqamətində səylərin davam etdiriləcəyini bildirib.

Protokol idarəsinin rəisi İ.Medveczky öz növbəsində, etimadnaməsinin əslinin Macarıstanın dövlət başçısına təqdim etməsi münasibətilə səfir T.Tağızadəyə təbriklərini çatdırıb və Macarıstan ilə Azərbaycan arasında hazırda yüksək səviyyəyə çatmış münasibətlərin hər iki ölkənin dövlət və biznes strukturlarının, o cümlədən səfirliklərinin birgə səyləri hesabına davam etdiriləcəyinə inandığını vurğulayıb.

Tədbirdə, həmçinin Dövlət katibləri A.Baranyi və M.Lendyel ilə Cənubi Qafqazda gedən proseslər, Ermənistanın son günlər törətdiyi təxribatçı əməlləri, Azərbaycan ilə Macarıstan arasında iqtisadiyyat, energetika və təhsil sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən macar şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək layihələrdə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts