Məşhur fotoqraf Reza Deqati Qarabağda ermənilərin törətdiyi dağıntılardan danışıb VİDEO

Tokio, 11 Oktyabr, /AJMEDIA/

Fransanın Korbövua (Courbevoie) şəhərində 11-ci Atmosfer Festivalı (Festival Atmospheres) çərçivəsində Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqatinin sərgisi və onun iştirakı ilə konfrans təşkil olunub.

AJMEDIA xəbər verir ki, konfransda Kurbövua şəhərinin rəhbərliyi, yerli ictimaiyyətin, eləcə də Azərbaycan diasporunun nümayəndələri, fotosevərlər iştirak ediblər. Məşhur fotoqraf müxtəlif ölkələrdə olan missiyalarından danışaraq, səfər etdiyi ölkələrdə çəkdiyi fotoları nümayiş etdirib.

Reza Deqati Qarabağda çəkdiyi seçilmiş fotoları təqdim edərək, hər fotonun tarixçəsi haqqında məlumat verib. O, Birinci və İkinci Qarabağ müharibələrində fotoqraf kimi fəaliyyət göstərməsindən söz açıb. Birinci Qarabağ müharibəsi, eləcə də XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verən R.Deqati çəkdiyi fotoları göstərib. Soyqırımı qurbanı olmuş ərinin və oğlunun cəsədini eyni vaxtda görən qadının haray çəkdiyi anı, eləcə də cılız, üzündə övlad itkisinin əzabları ifadə olunan, əlində itkin düşən oğlunun kiçik şəklini tutaraq, ümidlə xəbər gözləyən yaşlı atanın şəkilləri fotoqrafın məşhur fotoları arasında diqqəti xüsusilə cəlb edib. R.Deqati hər iki şəkil haqqında ətraflı məlumat verərək, ölkəmizin üzləşdiyi ədalətsizlikdən danışıb.

O, İkinci Qarabağ müharibəsində erməni silahlı qüvvələrinin mülki əhalini qadağan olunmuş bombalarla hədəfə almasından, yaşlılarla bərabər, məsum körpələri qanına qəltan etməsindən söz açıb. Ermənilər tərəfindən darmadağın edilmiş kəndlərin, şəhərlərin şəkillərini böyük ekranda nümayiş etdirərək, erməni vandalizmini göstərib. Bu ərazilərdən məcburi köçkün düşmüş azərbaycanlılardan, ərazilərinin azad olunmasına baxmayaraq, onların bu gün də doğma yurdlarına qayıda bilməməsindən danışıb.

Azərbaycandakı tolerantlıq və multikulturalizm mühitinin, udi kilsəsi icmasının azərbaycanlılara iftar süfrəsi açmasının əks olunduğu foto da konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Festival çərçivəsində şəhərin mərkəzində nümayiş olunan fotolar arasında Azərbaycanın Lerik rayonundan və Xınalıq kəndindən olan fotolar ziyarətçilərin diqqətini cəlb edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts