Mərkəzi Elmi Kitabxananın əməkdaşları Türkiyədə beynəlxalq konfransda iştirak ediblər

Tokio, 29 noyabr , /AJMEDIA/

AMEA Mərkəzi Elmi Kitabxananın (MEK) icraçı direktoru dosent Şəhla Tahirqızı və Kataloqlaşdırma şöbəsinin müdiri Gülnar Məmmədova “ANKOSLink 2022” beynəlxalq konfransında iştirak etmək üçün Türkiyədə səfərdə olublar.
Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, müxtəlif ölkələrdən 500-dən çox kitabxana-informasiya mütəxəssisinin qatıldığı beynəlxalq konfransın panel iclaslarında elm və təhsil resursları, verilənlər bazasının idarə edilməsi, qarşılıqlı birgə fəaliyyət, süni intellektin kitabxana işinə tətbiqi və yeni tendensiyalar, informasiya əldə etməkdə davamlılıq, davamlı rəqəmsal mühafizə, kitabxana və nəşriyyat sahəsindəki yeniliklər, yeni texnoloji həllərin tətbiqi kimi məsələlər müzakirə olunub. Beynəlxalq konfrans çərçivəsində MEK istifadəçilərinə Türkiyədəki universitet kitabxanalarının əməkdaşlıq imkanlarından ən yüksək səviyyədə istifadə etməsinə şərait yaratmaq məqsədilə ölkənin aparıcı qurumları ilə səmərəli əməkdaşlığın bünövrəsi də qurulub.
“ANKOS” 40-dan çox nəşriyyatın 88 müxtəlif verilənlər bazası ilə 1440 müqaviləyə malikdir. Qurumun məqsədi universitet və elmi-tədqiqat kitabxanalarının ən münasib qiymətlərlə ən çox e-informasiya resurslarına çıxışını təmin etmək, kitabxanaların təhsil və tədqiqata dəstəyini artırmaq üçün birgə səylər həyata keçirmək, eləcə də alim və tələbələrin qlobal məlumat şəbəkəsinə ən yüksək səviyyədə çıxışını həyata keçirməkdən ibarətdir.
Səfər çərçivəsində MEK-in əməkdaşları Akdeniz Universitetinin rektor müşaviri Cemil Tonbul, universitet kitabxanasının direktoru Mustafa Pamukçu və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Təşkilatının sədri Ceyran Səttarova ilə görüşüblər. Görüş zamanı universitetin kitabxanasına ekskursiya təşkil edilib və fəaliyyəti haqqında ətraflı məlumat verilib, iki qurum arasında qarşılıqlı sıx əməkdaşlığın faydaları da müzakirə olunub. MEK-in icraçı direktoru Şəhla Tahirqızı Akdeniz Universiteti kitabxanasının fonduna Azərbaycanın bədii ədəbiyyatını, eləcə də mədəniyyətini, tarixini özündə əks etdirən dəyərli elmi nəşrlər təqdim edib.
MEK-in əməkdaşları, həmçinin Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin təşkilatçılığı ilə Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş konfransa qatılıblar. Təşkilatın, eləcə də Türk Ocaqları Antalya şöbəsinin mədəni fəaliyyətinə dəstəyə görə təşəkkürnamə ilə mükafatlandırılıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts