Londonda yaşayan azərbaycanlı gənc xanım əlifba kitabı yazıb

Tokio, 5 noyabr, /AJMEDIA/

Son 7 ildir Londonda yaşayan azərbaycanlı gənc xanım Emiliya Cəbrayılova xaricdə yaşayan uşaqlar üçün “Bülbül” adlı Azərbaycan dili əlifbası kitabını yazıb.

AJMEDIA xəbər verir ki, müəllif kitabın ərsəyə gəlməsi ilə bağlı danışıb. Emiliya deyir ki, “Bülbül” kitabı Azərbaycan əlifbasını qeyri-ənənəvi bir şəkildə təqdim edir və hərfləri maraqlı mövzular və tapşırıqlarla bir araya gətirir: “Qızım 6 yaşında, oğlum isə 2 yaşındadır. Evimizdə ana dilimizi qorumağa çalışırıq. Bunun nə qədər çətin olduğunu bir ana olaraq çox yaxşı başa düşürəm. Xaricdə yaşayan uşaqlar üçün Azərbaycan dili ikinci dil kimi sayılır. İngiltərədə yaşayan uşaqların daha çox danışdıqları və təhsil aldıqları dil ingilis dili olduğuna görə onlar ingilis dilinə və ya başqa dillərə meyilli olurlar. Bu kitab sırf ana dilini ikinci dil kimi istifadə edən uşaqlara da çox kömək edə biləcək ki, öz dillərini mənimsəsinlər”,- deyə o bildirib.

Emiliya kitabın yaranma prosesindən danışarkən üç il əvvəl Londondakı Azərbaycan məktəblərinin birində işlədiyi dövrdə material çatışmazlığının öyrətmə prosesini çətinləşdirdiyini söyləyib. Kitabı hazırlayarkən isə uşaqların hər səhifədə özlərini Azərbaycanda hiss etmələrini təmin etməyə çalışıb. Kitabda hər bir hərf Azərbaycan coğrafiyası, milli adət-ənənələr və tariximizlə bağlı sözlərlə zənginləşdirilib.

“Kitabda hər bir hərfə dörd səhifə ayrılıb və uşaqlara əyləncəli tapşırıqlar təqdim olunur. Məsələn, “M” hərfi ilə əlaqədar səhifələrdə Mingəçevir, Murovdağ, minarə və musiqi alətləri kimi milli simvollar əks etdirilir”,- deyə o, kitab haqqında məlumat verib.

Müəllif ümid edir ki, bu kitab vasitəsilə xaricdə böyüyən uşaqlarımız öz dillərinə daha çox bağlanacaq və ana dilimizin gözəlliyini daha yaxşı mənimsəyəcəklər.

Qeyd edək ki, kitab Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts