Tokio, 4 may , /AJMEDIA/
Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən, Azərbaycan dilində ilk məktəb olan Britaniya Avropa Azərbaycan Məktəbində (BEAS – British European Azerbaijani School) “Azərbaycan mədəniyyətinin təbliği, milli rəqs və milli musiqi günlərinin keçirilməsi” adlı layihənin açılış mərasimi keçirilib. Azərbaycan Diasporuna Dəstək Fondunun və Londonda fəaliyyət göstərən Azərbaycan Rəqs və Musiqi qrupunun dəstəyilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov da iştirak edib.
AJMEDIA xəbər verir ki, Həmyerlimiz Səkinə Muxtarlının təşkilatçılığı ilə gerçəkləşən layihə ilk dəfə ötən il İngiltərənin Kembric şəhərində baş tutub. Həmyerlimiz Ülviyyə Pepinovanın rəhbərliyi ilə “Milli rəqs dərsləri” layihəsi bitdikdən sonra, mədəniyyətimizi daha çox insana tanıtmaq məqsədilə növbəti belə layihənin Londonda keçirilməsi qərara alınıb.
İlk dərs bu il aprelin 28-də Londonda fəaliyyət göstərən BEAS məktəbində keçirilib. Dərs zamanı Azərbaycan xalq rəqslərinin tarixi haqqında məlumat verilib, Azərbaycan klassik baletinin və milli rəqsin əsas təməl elementləri, oğlanlar və qızlar üçün ayaq və qol hərəkətləri göstərilib.
Dərslər iki yaş qrupunda – azyaşlı uşaqlar və yetkinlər üçün keçirilir. Azyaşlı uşaqlardan ibarət qrup 20 nəfərdən, yetkinlər qrupu isə 18 nəfərdən ibarətdir. Qruplarda azərbaycanlılar, o cümlədən güneyli soydaşlarımız da daxil olmaqla, çin, fransız, uyğur, özbək, türk, qaşqay, rus və digər xalqların nümayəndələri də iştirak edir. Növbəti rəqs dərsinin 12 may 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur.