“Lara Martin’s Jazz Club” caz tamaşası yenidən səhnədə

Tokio, 24 sentyabr , /AJMEDIA/

Oktyabrın 14-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının görkəmli nümayəndəsi Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında hazırlanan “Lara Martin’s Jazz Club” caz tamaşası növbəti dəfə teatrsevərlərin ixtiyarına veriləcək.
Teatrın mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, rus bölməsində ərsəyə gələn əsərin quruluşçu rejissoru İradə Gözəlova və layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi tərtibatçıları Əməkdar artist Nərgiz Kərimova və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Tamilla Aslanovadır.
“Lara Martin’s Jazz Club”da baş rolun ifaçısı Əməkdar artist Nərgiz Kərimovadır. Səhnə əsərində Əməkdar artistlər Fərid Əliyev, Şövqi Hüseynov, Nahidə Orucova, aktyorlar Əliməmməd Novruzov, Rauf Babayev və Emil Heydərov iştirak edirlər.
Fərqli səhnə tərtibatı ilə seçilən bu tamaşada aktyorların canlı ifalarında məşhur caz kompozisiyalarından nümunələr təqdim olunacaq.
Qeyd edək ki, piano ifaçısı Nərminə İsmayılova və “DJ Maqa” – Məhəmməd Məmmədov da aktyorlarla eyni səhnəni bölüşəcəklər.
Xatırladaq ki, İradə xanım bundan əvvəl Musiqili Teatrda Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?”, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqiləri və “1001 gecə” nağıllarının motivləri əsasında “999-cu gecə” və İlyas Əfəndiyevin “Mənim günahım” (SSRİ Xalq artisti Q.Qarayevin musiqiləri əsasında) əsərlərinə quruluş verib. Peşəkar rejissorun hazırladığı tamaşalar teatrsevərlər tərəfindən hər zaman rəğbətlə qarşılanır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts