Tokio, 4 avqust, /AJMEDIA/
Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsi çərçivəsində Komitənin ümumi fəaliyyəti və xaricdə yerləşən Azərbaycan Evlərinə həsr olunmuş sessiya təşkil edilib.
AJMEDIA xəbər verir ki, sessiyada Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, həmçinin Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Vazeh Əsgərov iştirak ediblər.
Komitə sədrinin müavini Elşad Əliyev iştirakçılara Komitənin və Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyət istiqamətlərindən, həyata keçirdiyi layihələrdən, Koordinasiya Şuralarından, xalqlararası münasibətlərdə Azərbaycan diasporunun rolundan, o cümlədən ölkəmizin diaspor siyasətindən, dövlətimizin xaricdə yaşayan azərbaycanlılara mütəmadi qayğısından barədə danışıb.
Sədr müavini Komitənin fəaliyyətinin mühüm istiqamətlərindən birinin dünyanın müxtəlif ölkələrində Azərbaycan evlərinin açılması olduğunu qeyd edib. Dünyanın 15 ölkəsində 29 Evin fəaliyyət göstərdiyini vurğulayan E.Əliyev Komitənin Azərbaycan evlərini hər cür lazımı vəsaitlə təmin etdiyini, xaricdə yaşayan azərbaycanlıların burada təmənnasız olaraq tədbirlər keçirə, dərnəklər təşkil edə, filmlərə baxa bilə, bir sözlə, Azərbaycan icmasının hər bir üzvü burada asudə vaxtını səmərəli keçirə biləcəyini vurğulayıb.
Sessiyada Azərbaycan Evlərinin xaricdə yaşayan soydaşlarımızın bir araya gəlmələri, həmrəylik nümayiş etdirmələri, yaşadıqları ölkələrdə Azərbaycan mədəniyyətinin təbliği baxımından böyük əhəmiyyət daşıdığı bildirilib.
Daha sonra söz Qarabağ Universitetinin rektoru Şahin Bayramova verilib. Rektor gənclərə universitet haqqında ətraflı məlumat verib, onları universitetlə tanış olmağa və əməkdaşlıq etməyə dəvət edib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Vazeh Əsgərov də öz növbəsində çıxış edərək rəhbəri olduğu universitet və onun tarixi, nailiyyətləri haqqında məlumat verib. Universitetin məzunlarının bir çoxunun ölkə iqtisadiyyatının ən mühüm sahəsi olan neft sənayesinin aparıcı qüvvəsi olduğunu bildirib.
Sonda sədr müavini Elşad Əliyevin gənclərin Komitənin fəaliyyəti, Komitənin sosial şəbəkə hesablarının fəaliyyəti və s. mövzularda çoxsaylı suallarını cavablandırıb.