Tokio, 15 aprel , /AJMEDIA/
Ukrayna paytaxtındakı Böhran Media Mərkəzində “Ukrayna-Azərbaycan. Qlobal dünya nizamına çağırışlar şəraitində strateji tərəfdaşlıq. Dördüncü dialoq” mövzusunda dəyirmi masa təşkil edilib.
AJMEDIA xəbər verir ki, tədbir zamanı Ukrayna və Azərbaycandan olan iştirakçılar iqtisadi-ticari sahədəki hazırkı vəziyyəti, investisiya və biznes məsələlərini, eləcə də dövlətlər arasında logistikanın inkişafını müzakirə ediblər. Təşkilatçı qismində Ukrayna-Türk Mərkəzinin çıxış etdiyi tədbirin moderatoru, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Marına Qonçaruk ölkələrimiz arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyət barədə dəyirmi masa iştirakçılarına ətraflı məlumat verib.
Ukraynanın xalq deputatı, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Sergey Naqornyak Ukrayna və Azərbaycanın işgüzar dairələri arasında əməkdaşlıq imkanlarından danışıb. Onun sözlərinə görə, xarici biznes Ukraynaya qayıdır və mərmilərdən zərər çəkmiş obyektlərin, rayonların bərpasında fəal iştirak edir.
Sergey Naqornyak qeyd edib: “Biz Ukraynaya sistemli və ardıcıl dəstəyinə, göstərilən yardımlara, o cümlədən Ukraynanın enerji şəbəkəsinin bərpasında köməyinə görə Azərbaycana minnətdarıq. Azərbaycan alternativ enerji növlərinə böyük diqqət yetirir. Bizim üçün generasiyanın bərpası istiqamətində sürətli həllər günəş və külək elektrik stansiyalarının, enerji anbarlarının tikintisi və quraşdırılmasından ibarət ola bilər. Ukraynada enerji sektoruna qoyulan investisiyaların ortalama gəlir gətirməsi müddəti təxminən 5 ildir və bu, digər Avropa ölkələri ilə müqayisədə kifayət qədər qısa vaxtdır. Ukraynada obyektlərin bərpası və tikintisi üçün podratçıların cəlb edilməsi bizim üçün vacibdir və Azərbaycandan ölkəmizə yeni şirkətlərin gəldiyini görür, buna sevinirik”.
“Tərəzi” Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının prezidenti Cəlal Hüseynov çıxışında bildirib ki, Ukraynanın büdcəsi 1 milyard qriven artıb və bu, ölkənin artım tempini qoruyub saxladığını, çətin vaxtlarda belə özünü doğrultduğunu sübut edir. O əlavə edib: “Rusiyanın genişmiqyaslı müdaxiləsindən əvvəl Ukrayna ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 2015-ci ildəki 300 milyon dollarla müqayisədə 1 milyard dolları ötmüşdü. 2023-cü ildə Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 239 milyon dollar təşkil edib. Hazırda Ukrayna ilə Azərbaycan arasında tikinti sektorunda fəal əməkdaşlıq qurulur. Şirkətlər tenderlərdə iştirak etməyə hazırdır, habelə əməkdaşlığa və təcrübə mübadiləsinə açıqdır. Son altı ayda biz gördük ki, Azərbaycan tərəfinin skeptisizmi azalır və bu ölkənin Ukraynaya investisiya yatırmaq marağı artır”.
İmmiqrasiya üzrə hüquqşünas Şəmsi Məhərrəmovun sözlərinə görə, bu yaxınlarda Ukrayna Ali Radasında əcnəbilərin işədüzəlmə və biznes obyektləri açmaq icazələrinin ləğvini nəzərdə tutan qanun layihəsi qeydə alınıb ki, bu da son dərəcə aktualdır və ölkə iqtisadiyyatının inkişafına, həmçinin müxtəlif ölkələrdən mütəxəssislərin cəlb olunmasına töhfə verəcək.
Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Biznes xidmətləri şöbəsinin müdir müavini Emin Abdullayev məlumat verib ki, Azərbaycanda Ukrayna kapitallı 200-ə yaxın şirkət qeydiyyatdan keçib. Onun sözlərinə görə, agentlik kiçik bizneslə işləməyə böyük diqqət yetirir, çünki kiçik biznesin payı nə qədər çox olsa, iqtisadi inkişaf səviyyəsi də bir o qədər yüksək olar. O əlavə edib ki, təmsil etdiyi agentlik ukraynalı sahibkarlara məsləhət və informasiya dəstəyi göstərməyə hazırdır.
Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədovun sözlərinə görə, Ukrayna biznesi müharibə dövrünə alışmağa başlayır və şəraitə uyğunlaşaraq yeni təşəbbüslər irəli sürür. O vurğulayıb ki, yaxın il yarımda Ukrayna əvvəlcə elektrik enerjisi alıcısı, gələcəkdə isə ixracatçı kimi Cənubi Qafqazdan Avropaya çəkiləcək sualtı kabelə qoşula biləcək.
“Soloha Group Ukraine-Azerbaijan Business Solutions” şirkətinin təsisçisi və baş icraçı direktoru Lidiya Əliyeva-Şestak Azərbaycanda biznes üçün əlverişli mühitin mövcudluğunu, Ukrayna şirkətlərinin burada uğurlu fəaliyyət göstərdiyini, Ukrayna məhsullarına və ukraynalı mütəxəssislərə maraq olduğunu qeyd edib.