Kitabxanada yazıçı Nüşabə Məmmədli ilə görüş keçirildi

Tokio, 28 mart , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, bu gün Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında kitabxananın Fəxri oxucusu, Azərbaycan Yazıçı Qadınlar Cəmiyyətinin sədri, Azərbaycan Yazıçı Qadınlar Cəmiyyətinin Mətbuat Orqanı “Yazıçı Qadınlar Jurnalı”nın baş redaktoru, AYB-nin və AJB-nin üzvü, yazıçı Nüşabə Məmmədli ilə görüş təşkil edildi.
Tədbiri kitabxananın direktoru Lətifə Məmmədova açaraq çağdaş nəsrimizin tanınmış, istedadlı nümayəndələrindən biri olan Nüşabə Məmmədlinin həyat və yaradıcılığı haqqında məlumat verdi. O, yazıçının tələbəlik illərindən hekayələr yazdığını, qələmə aldığı incə ruhlu şeirlərini, ilk nəsr nümunələrini dərgi və qəzetlərdə dərc etdiyini vurğuladı, yazıçının böyük marağa səbəb olan “Vicdan dustağı” adlı əsərinin dəyərli nəsr nümunəsi olduğunu da qeyd etdi.
Yazıçı Nüşabə Məmmədli tədbirə görə kitabxana kollektivinə təşəkkür etdi. Yazıçı yaradıcılığa başlama səbəblərini söylədi. O qeyd etdi ki, onun əsərlərində Qarabağ mövzusu qırmızı xətlə keçir. “Kəllə, papaq, bayraq” əsərində Ağdamın işğalı, erməni vəhşilikləri əks olunub. Çoxsaylı əsərlərin müəllifi olan Nüşabə Məmmədli qeyd etdi ki, Qarabağ həqiqətləri haqqında çoxlu əsərlər yazılmalıdır və yeni nəsil bu həqiqətləri unutmamalıdır.

Tədbirdə çıxış edən yazıçı Şövkət Horovlu qeyd etdi ki, N.Məmmədlinin yaradıcığı çox genişdir. Bu əsərlərdə torpaq sevgisi, Vətən eşqi, şəhidlərin xatirəsi əks olunub. Müəllif ailə-məişət problemlərinə, sevgi məsələsinə də toxunur. Bizim qadınlarımızı çox təbliğ edir. Əsərlərdə şərq ailəsinin ənənəsi əsas xətt kimi keçir.
Əməkdar jurnalist İdris Şükürlü yazıçının kitablarının əsas mövzusunun Qarabağ məsələləri olduğunu və onların tərbiyəvi əhəmiyyətini qeyd etdi.
Yazıçı Qəni Camalzadə müasir dövrdə kitab mədəniyyətinin inkişaf etdirilməsi haqqında söhbət açdı.
Şair-publisist Nafilə Nafil vurğuladı ki, N.Məmmədlinin bədii əsərlərindəki obrazlar oxucu tərəfindən gözəl qavranır və Azərbaycan qızının tərbiyələndirilməsi məsələsi ön plandadır.
Milli Qəhrəmanlar Şurasının sədri Ədhəm Məmmədov yazıçı Nüşabə Məmmədliyə təşəkkürünü bildirdi və ondan yeni maraqlı əsərlər gözlədiyini dedi.
Kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova bildirdi ki, oxucular N.Məmmədlinin əsərlərini böyük maraqla mütaliə edir və bu əsərlərə oxucu sorğularının çox olmasını söylədi. Daha sonra o, N.Məmmədlinin əsərlərinin qəhrəmanları haqqında söhbət açdı.
Yazıçı Mənzər Niyarlı qeyd etdi ki, Nüşabə Məmmədlinin əsərləri çox təbii və sadə dillə yazılmışdır. Onun “Zəngülə” əsəri Qarabağ haqqında yazılmış ən sevilən əsərlərdən birinə çevrilmişdir və müsabiqədə birinci yerə layiq görülmüşdü.
Kəlağayı muzeyinin direktoru, yazıçı Güllü Eldar Tomarlı Nüşabə Məmmədliyə həsr etdiyi şeiri söylədi.
3 №-li kitabxana filialının müdiri Arzu Xudayarova Nüşabə Məmmədlinin əsərlərinə olan tələbatdan danışdı.
Oxucular və kitabxanaçılar yazıçı Nüşabə Məmmədliyə suallar ünvanladılar və yazıçı suallara böyük maraqla cavab verdi.
Tədbirin sonunda Nüşabə Məmmədli kitabxanaya müəllifi olduğu kitablarını hədiyyə etdi. Bundan başqa o, Sara Oğuzun, Şəbnəm Ərəstun qızının, Şirin xanım Kərimbəyli Şadimanın, Südabə Həsənovanın və başqa müəlliflərin 50-dən çox kitabını kitabxanaya hədiyyə etdi.
Tədbirdə iştirak edən yazıçı Şövkət Horovlunun çoxlu sayda uşaq kitabları və digər əsərləri kitabxanaya hədiyyə olundu.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts