Kenci Yamada: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaş dövlətdir

Tokio, 3 noyabr , /AJMEDIA/

Azərbaycan Yaponiya üçün mühüm tərəfdaş dövlətdir.
AJMEDIA xəbər verir ki, bu sözləri Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ilə görüşündə Yaponiyanın xarici işlər üzrə dövlət naziri, Yaponiya Parlamentinin Nümayəndələr Palatasının və Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü Kenci Yamada deyib.
Səfirliyin təşəbbüsü ilə keçirilən görüşdə G.İsmayılzadə Kenci Yamadanı Yaponiyanın xarici işlər üzrə dövlət naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Onun öz təşəbbüsü ilə Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupuna üzv olmasına görə təşəkkürünü bildirib.
Dövlət naziri K.Yamada Azərbaycan ilə Yaponiya arasında münasibətlərin inkişafına dəstək verməyə hazır olduğunu vurğulayıb, millət vəkili kimi səfir ilə görüşlərini və 2019-cu ildə Azərbaycana səfərini məmnuniyyətlə xatırladıb.
Səfir Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinin inkişaf səviyyəsindən Azərbaycan tərəfinin məmnunluğunu ifadə edib, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, iki dövlət arasında iqtisadi sahədə əməkdaşlığın yüksək potensialının mövcudluğunu bildirib.
Dövlət naziri K.Yamada, öz növbəsində, Azərbaycanın Yaponiya üçün mühüm tərəfdaş dövlət olduğunu vurğulayıb. O, cari il sentyabrın 5-6-da Bakıda Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasının keçirildiyini xatırladıb, iclas çərçivəsində “Yaponiya Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Birgə Kredit Mexanizminə dair Əməkdaşlıq Memorandumu”nun imzalanmasını əlamətdar hadisə kimi qiymətləndirib.
K.Yamada Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin yüksək qiymətləndirildiyini vurğulayıb, eyni zamanda, Azərbaycanın tranzit ölkə kimi də əhəmiyyətinin artdığını qeyd edib. Dövlət naziri Yaponiya tərəfinin Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsinə böyük diqqət ayırdığını, bu ilin oktyabrında Yaponiyanın İqtisadiyyat Nazirliyinin mütəxəssislərinin də daxil olduğu ekspert qrupunun layihənin öyrənilməsi məqsədi ilə Azərbaycana uğurlu səfərini xatırladıb.
Səfir G.İsmayılzadə Azərbaycanın regionda mühüm tranzit dövlət çevrildiyini və bu sahədə etibarlı tərəfdaş kimi tanındığını diqqətə çatdırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts