İstanbulda şanlı Qələbəmizə həsr olunan Zəfər Günü Piano Festivalı keçirilib

Tokio, 7 Noyabr, /AJMEDIA/

Noyabrın 6-da İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin birinci ildönümü münasibətilə Zəfər Günü Piano Festivalı keçirilib.
AJMEDIA xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) təşkilatçılığı, Türkiyənin tarixi Yıldız Teknik Universiteti (YTÜ) və “Mehcer” Köç Sənətçiləri Dərnəyinin dəstəyi ilə baş tutan tədbirdə Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafov və Əməkdar artist, dirijor, bəstəkar və pianoçu Turan Manafzadənin iştirak ediblər.
İki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC-a müsahibə verən Turan Manafzadə tədbirin Yıldız Teknik Universitetinin Otağı-ı Humayun binasında keçirilməsinin təsadüfi olmadığını bildirib. O deyib: “Otağı-ı Humayunun tarixi mənası var. Bura hələ İstanbul fatehi Sultan Mehmetin dövründə savaşlardan əvvəl əsgərlərin çadır quraraq toplandığı yer olub. Hətta Türkiyənin bir tarixi ekran əsərləri də məhz bu binada çəkilib. Bizim Zəfər Günümüz ən gözəl məkanlara yaraşır. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə igid Ordumuz İkinci Qarabağ müharibəsində, sözün əsl mənasında, dastan yazdı. Biz də Manafovlar ailəsi olaraq Vətən uğrunda gedən savaşa öz sahəmiz üzrə əlimizdən gələn dəstəyi verməyə çalışdıq. Müharibədən əvvəl bəstələdiyim “Azərbaycanım” və “Yüksəliş” əsərlərimi də həm Azərbaycana, həm də qəlbində Azərbaycan sevgisi olan hər kəsə ithaf etdim. Burada hər zaman olduğu kimi, Vətən müharibəsi dövründə də Türkiyənin ölkəmizə, xalqımıza göstərdiyi qardaş dəstəyini xüsusi qeyd etmək istərdim. Buna görə başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla, hər kəsə minnətdarlığımı bildirirəm. Zəfər Günü yaxınlaşır. Biz də öz növbəmizdə bu festivalla şanlı Qələbəmizi musiqinin dili ilə ən gözəl şəkildə bütün dünyaya mesajlarımızı verərək qeyd etmək istədik. Azərbaycanın bütün şəhid oğullarına, bu günədək Vətənimizin azadlığı uğrunda canından keçən bütün qəhrəmanlarımıza Allahdan rəhmət, ailələrinə başsağlığı, qazilərimizə isə möhkəm cansağlığı diləyirəm”.
Tədbirdə ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, YTÜ-nün rektoru professor Tamer Yılmaz çıxış edərək Azərbaycanın ərazilərinin uzun illər davam edən işğalından sonra şanlı Qələbə sayəsində öz torpaqlarını azad etdiyini və hər zaman olduğu kimi, müharibə dövründə də qardaş Türkiyənin ölkəmizin yanında olaraq mənəvi və diplomatik dəstəyini əsirgəmədiyini vurğulayıblar. Bildirilib ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti, Azərbaycan əsgərinin gücü və igidliyi nəticəsində qazanılan bu Qələbə günü təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün də Zəfər Günüdür.
Tədbir çərçivəsində Azərbaycanın Vətən müharibəsini özündə əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts