İstanbulda “Qızıl alma-Şuşanın oyanışı” tamaşası nümayiş etdirilib

Tokio, 16 yanvar, /AJMEDIA/

İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərə həsr olunan “Qızıl alma-Şuşanın oyanışı” tamaşası nümayiş etdirilib. Gültəpə Mədəniyyət Mərkəzində baş tutan tamaşa “Umut oyunçuları” teatrı tərəfindən ərsəyə gəlib.

AJMEDIA xəbər verir ki, səhnə əsəri barədə AZƏRTAC-a məlumat verən “Umut oyuncuları” İstehsalat Birliyinin koordinatoru Ayhan Ünlü iki il əvvəl İstanbulun Kağıthanə Bələdiyyəsinin dəstəyi ilə eyni səhnədə Xocalı soyqırımına həsr olunan tamaşanın nümayiş etdirildiyini xatırladıb: “Türkiyənin də mənəvi dəstəyi ilə Azərbaycanın alınmaz deyilən Şuşanı 44 günlük qısa bir vaxt ərzində işğaldan azad etməsini bir daha qeyd etmək üçün belə bir layihəyə imza atdıq. Tamaşanın çox uğurlu alındığını düşünürəm. Səhnə əsəri səkkiz nəfərlik aktyor heyəti tərəfindən nümayiş edildi. Bu aktyorlardan dördü mütəmadi olaraq Türkiyədə televiziyalar və seriallarda rol alan və tamaşaçı tərəfindən tanınan şəxslərdir. Digərləri də teatrımızın aktyorlarıdır. Bu cür layihələrin bundan sonra da davamının gələcəyinə inanıram. Qismət olsa tamaşamızı Azərbaycanda da nümayiş etdirməyi düşünürük”.

Səhnə əsərinin prodüser-koordinatoru Ayhan Ünlü, ssenari müəllifi Sevinc Mehrəliyeva, rejissorları Ümit Anaç və Şahin Deyirmenci, bədii rəssamı Ülkər Əbülfət, kostyum dizayneri isə Taha Yasin Ünlüdür. “Oğuzlar üçün hansı tərəfə gedərlərsə-getsinlər Zəfər əldə edilmədən əvvəl Qızıl Almadır” şüarı ilə baş tutan tamaşada Azərbaycan musiqilərindən istifadə olunub.

Rolları Ümit Anaç, Fatma Ayaz, Dilfuza Yorova, Emrehan Yavuz, Tülay Kurt, Sedat Ustaoğlu və Gökcan Yılmaz ifa ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts