Tokio, 18 noyabr , /AJMEDIA/
İşğaldan azad olunmuş ərazilərdə işləyən mütəxəssislər üçün birdəfəlik müavinət təyin olunacaq.
AJMEDIA xəbər verir ki, bu məsələ Milli Məclisin noyabrın 18-də keçirilən plenar iclasında müzakirə edilən “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsindəki dəyişikliyə görə işğaldan azad olunmuş ərazilərdə işləyən mütəxəssislər üçün birdəfəlik müavinət təyin olunması nəzərdə tutulur. Bu məqsədlə qanunun 4-cü maddəsinə 4.0.2.4 bəndi ilə yeni müavinət növü – Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət təsis edilir.
Eyni zamanda, qanuna əlavə edilən 7.0.14 maddəsi ilə bu kateqoriyadan olan mütəxəssisə verilməsi nəzərdə tutulan müavinətin təyinolunma şərtləri müəyyən edilir.
Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə işləmək üçün azı bir il müddətində bağlanmış əmək müqaviləsi olduqda belə mütəxəssislərin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinət veriləcək.