İranda qiymət artımına qarşı kütləvi aksiyalar keçirilib

Tokio, 15 may , /AJMEDIA/

İranın Xuzistan vilayətinin əhalisi çörəyin və digər ərzaq məhsullarının qiymətinin artmasına qarşı etiraz aksiyası keçirib.
AJMEDIA İran mətbuatına istinadla xəbər verir ki, artıq bir neçə aydır İranda qiymətlər durmadan artır. Unun qiymətinin birdən birə 300 faiz artması insanların səbir kasasını doldurub. Xuzistanla yanaşı, Sistan-Bəlucistan, Çaharmahal-Bəxtiyari, Kurdistan və digər vilayətlərdə də kütləvi etiraz aksiyaları keçirilib.
Bəzi şəhərlərdə aksiyalar iğtişaşa çevrilib. Bir sıra aksiyaçılar mağaza və marketlərə basqın edərək ərzaq mallarını oğurlamağa başlayıblar. Polislə aksiyaçılar arasında baş verən toqquşmada 3 polis əməkdaşı yaralanıb. Müxtəlif vilayətlərdən 50-yə yaxın adam həbs olunub.
Nəzərə çatdırmaq lazımdır ki, qiymətlərin sürətlə artması ilə əlaqədar İran hökuməti ölkə üzrə aztəminatlı ailələrin hər bir üzvünə 400 000 tümən (təxminən 13 dollar) pul paylamağa başlayıb. Növbəti mərhələdə əhaliyə talon veriləcək ki, bu talonla da müəyyən edilən mağazalardan ərzaq malları ala bilsinlər. İranda yağın, düyünün, yumurtanın, ətin, un və un məmulatlarının, meyvənin və digər ərzaq mallarının qiyməti kəskin şəkildə bahalaşıb.
Qeyd edək ki, Ukraynadakı hərbi münaqişə dünyada unun qiymətinin artmasına səbəb olub. Bu, iqtisadi sanksiyalardan əziyyət çəkən İrana daha çox mənfi təsir göstərib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts