İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan-Tacikistan əməkdaşlığı müzakirə edilib

Tokio, 16 noyabr, /AJMEDIA/

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 16-da COP29 çərçivəsində Bakıda Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya bildirilib ki, görüşdə iqlim dəyişikliyi ilə əlaqədar dünyanın üzləşdiyi problemlərin həlli üçün qlobal əməkdaşlığın əhəmiyyəti qeyd edilərək, Azərbaycan və Tacikistan tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətdə parlamentlərin mühüm rolu vurğulanıb.

Mahmadtoir Zokirzoda iqlim sammitinin yüksəksəviyyəli təşkilinə görə təbriklərini çatdırıb, COP29-un və Parlament Görüşünün əhəmiyyətini qeyd edib.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin dinamik inkişaf etdiyi vurğulanıb.

Sahibə Qafarova dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsində mühüm rol oynadığını bildirib.

Görüşdə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin mühüm əhəmiyyəti də diqqətə çatdırılıb. Milli Məclisin sədri özünün Tacikistana, qarşı tərəfin isə ölkəmizə səfərlərini məmnunluqla xatırlayaraq bildirib ki, bu səfərlər münasibətlərimizin yüksək səviyyəsinin, qarşılıqlı dəstəyin göstəricisidir.

Söhbət zamanı hər iki ölkənin qanunvericilik orqanında fəaliyyət göstərən dostluq qrupları çərçivəsində əməkdaşlığın, deputatların qarşılıqlı səfərlərinin münasibətlərin dinamikasına müsbət təsirləri qeyd edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts