Tokio, 13 dekabr , /AJMEDIA/
Müasir Azərbaycanın memarı və banisi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyi silsilə tədbirlər təşkil edib.
Səfirlikdən bildiriblər ki, əvvəlcə paytaxt Əmmanda yerləşən Yeni Bədr rayonunda Ulu Öndərin adını daşıyan küçədə yerləşən İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə anım mərasimi keçirilib.
Əmman şəhər Böyük bələdiyyəsinin sədr müavini və Yeni Bədr bələdiyyəsinin rəhbər heyəti, eləcə də İordaniyada Azərbaycan Universitet və İnstitutlarının Məzunları Klubunun üzvləri, ictimaiyyət nümayəndələri, Azərbaycan icmasının fəalları və səfirliyin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən səfir Eldar Səlimov xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin xatirəsinin hər bir azərbaycanlı üçün əziz olduğunu, onun ölkəmizə rəhbərlik etdiyi illərin tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olduğunu qeyd edib.
Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini və il ərzində bu münasibətlə səfirlik tərəfindən müxtəlif xarakterli tədbirlərin keçirildiyini bildirib.
Tədbirin sonunda Ümummilli Liderin əziz xatirəsinə dərin hörmət əlaməti olaraq dairə və ətrafında şam ağacları əkilib.
Sonra səfirliyin binasında İordaniya Senatı və Nümayəndələr Palatasının üzvləri, qardaş və dost ölkələrin diplomatik missiya rəhbəri və diplomatlarının, eləcə də “Əmman və Körfəz” Strateji Araşdırmalar Mərkəzinin rəhbər heyətinin, o cümlədən Krallığın aparıcı mətbuat nümayəndələrinin iştirakı ilə “Əbədiyaşar lider-Heydər Əliyev” adlı elmi simpozium və iordaniyalı tarixçi, yazıçı-publisist Ömər əl-Armutinin 2023-cü ildə işıq üzü görən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə ithaf olunmuş “Vətən və liderlik” adlı kitabının təqdimat mərasimi olub.
Simpoziumun açılışında səfir E.Səlimov bugünkü tədbirin mahiyyəti və əhəmiyyətinə toxunaraq, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərinin Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etdiyini, onun müstəqil Azərbaycan dövlətinin memarı olduğunu vurğulayaraq, müstəsna xidmətləri ilə əbədilik qazanan Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tükənməz bir həyat məktəbi olduğunu bildirdi. Səfir Azərbaycan xalqının taleyində və tarixində silinməz izlər qoymuş dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edildiyini qeyd edib.
Tədbirdə çıxış edən “Əmman və Körfəz” Strateji Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Əl-Ədvan, tarixçi-yazıçı Məhəmməd Əl-Manaser və tarixçi-tədqiqatçı Sara Əl-Süheyl Ümummilli Lider Heydər Əliyevlə mərhum Kral Hüseyn bin Talal arasında 1994-cü il dekabrın 13-də Mərakeşdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində keçirilmiş görüşün ölkələr arasında dostluq, əməkdaşlıq və qardaşlıq münasibətləri üçün möhkəm zəmin yaratdığını vurğulayıb, Prezident İlham Əliyev ilə Kral II Abdullahın liderliyi altında iki ölkə arasında yaradılmış dostluq əlaqələrindən məmnunluqlarını ifadə ediblər.
Daha sonra söz alan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə ithaf olunmuş “Vətən və liderlik” adlı kitabın müəllifi, iordaniyalı tarixçi, yazıçı-publisist Ömər əl-Armuti kitabın qələmə alınma məqsədi haqqında məlumat verib, əsərin Azərbaycan xalqının dahi oğlunun fəaliyyəti və həyat yolu haqqında ərəbdilli oxucular üçün faydalı bilik mənbəyi olacağına ümid etdiyini bildirib. O, Ulu Öndərin ərəb dünyasında görkəmli dövlət xadimi kimi tanındığını bildirərək, kitabın həm də tədqiqatçılar üçün sanballı mənbə olacağından əminliyini ifadə edib.