İnformasiya Texnologiyaları İnstitutunun 50 illiyinə həsr olunmuş buklet hazırlanır

Tokio, 5 yanvar, /AJMEDIA/

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib.

AJMEDIA xəbər verir ki, AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda institutun 50 illik yubileyi münasibəti ilə dərc olunmuş bəzi nəşrlər haqqında məlumat verilib.

Elmi informasiya və elmmetriya şöbəsinin müdiri Mədinə Səidova institutun 50 illik yubileyi münasibəti ilə 12 ekspres-informasiyanın işıq üzü gördüyünü bildirib. M.Səidova “İnformasiya təhlükəsizliyi problemləri. Məqalələrin xülasələri”, “Bulud texnologiyaları problemləri. Məqalələrin xülasələri”, “Süni intellekt texnologiyalarının elmi-nəzəri və praktiki problemləri. Məqalələrin xülasələri”, “Big data problemləri. Məqalələrin xülasələri”, “Elektron tibb problemləri. Məqalələrin xülasələri” adlı ekspress-informasiyalar, burada nəşr olunan materiallar, o cümlədən nəşrlərin elmi redaktorları barədə danışıb. O, həmçinin dördüncü sənaye inqilabı, insan resurslarının intellektual idarə olunması, elektron dövlət, elektron elm, proqram mühəndisliyi, informasiya və bilik iqtisadiyyatı, eləcə də internet sosiologiyası problemləri ilə bağlı nəşrlərin dərc olunduğunu diqqətə çatdırıb.

Şöbə müdiri institutun 50 illiyinə həsr olunmuş bukletin hazırlanması üzrə də işlərin aparıldığını və onun yaxın zamanda nəşrinin nəzərdə tutulduğunu bildirib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək kiber-fiziki sistemlərin problemləri ilə bağlı ekspress-informasiyanın da hazırlanmasının vacibliyini vurğulayıb, bu istiqamətdə işçi qrupunun yaradılmasını tövsiyə edib.

Tədbirdə, həmçinin İnformasiya Texnologiyaları İnstitutunun 50 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Videoçarxda institunun 50 illik fəaliyyəti dövründə baş verən mühüm hadisələr, müəssisənin yaranma tarixinə dair mühüm faktlar, keçirilmiş beynəlxalq və respublika səviyyəli elmi konfranslar, dünyanın tanınmış alimləri ilə görüşlər, institutun mərkəzlərinin fəaliyyəti ilə bağlı görüntülər öz əksini tapıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts