Site icon AJMEDIA Azərbaycanca

İnformasiya Texnologiyaları İnstitutunda Elm Günü qeyd olunub

Tokio, 20 mart , /AJMEDIA/

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 27 Mart – Elm Gününə həsr olunmuş onlayn toplantı keçirilib.

Bu barədə AJMEDIA-ya institutdan məlumat verilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev əvvəlcə institut əməkdaşlarını Novruz bayramı münasibətilə təbrik edib, Novruzun keçmişdən gələn böyük mənəvi dəyərlərimizin daşıyıcısı olduğunu vurğulayıb.

Akademik Elm Gününə həsr olunmuş toplantının əhəmiyyətindən bəhs edərək AMEA Rəyasət Heyətinin bu əlamətdar günün akademiyanın bütün elmi müəssisə və təşkilatlarında keçirilməsi ilə bağlı tədbirlər planı hazırladığını diqqətə çatdırıb.

Baş direktor bu günün təsis edilməsində əsas məqsədin həmin tarixdə bütün ölkə ictimaiyyətinin diqqətinin məhz elm sahəsinə yönəlməsinə, elmi nailiyyətlərin təbliğinə, problem və vəzifələrin yenidən müəyyənləşdirilməsinə, səmərəli əməkdaşlıqların təşkilinə, ölkəmizin gələcək inkişafı və alimlərin bu inkişafda rolunun artırılmasına, eləcə də elmi təfəkkürün inkişaf etdirilməsi və vətəndaşların bu istiqamətdə maarifləndirilməsinə, gənclərin elmə cəlb olunmasına təkan vermək olduğunu diqqətə çatdırıb.

“Biz cəmiyyətimizin yüksək intellektual potensiala malik olan bir ölkə kimi formalaşdırılması və ölkəmizin iqtisadi dayaqlarının qabaqcıl biliklər üzərində qurulması ilə Azərbaycanın inkişafına nail olunması üçün bütün imkanlarımızı səfərbər etməliyik”, – deyə bildirən akademik AMEA-da bu istiqamətdə görülən işlərdən söz açıb.

R.Əliquliyev institutda fəaliyyət göstərən alimlərin kompüter elmlərinin dünya səviyyəsində inkişafına böyük töhfə verdiyini qeyd edərək ölkəmizin bu sahədə Cənubi Qafqazda ilk sırada dayandığına diqqət çəkib. O, Stanford Universitetinin reytinq qiymətləndirmə siyahısına daxil edilmiş səkkiz azərbaycanlı alimdən ikisinin rəhbərlik etdiyi institutda fəaliyyət göstərdiyini vurğulayıb.

Tədbirdə çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov bu gün AMEA-nın elmi müəssisələrinin qarşısına Azərbaycan elminin inkişafı istiqamətində mühüm vəzifələr qoyulduğunu, dünyanın müasir çağırışlarına cavab verən yeni elmi istiqamətlərin müəyyənləşdirildiyini söyləyib.

Alim İnformasiya Texnologiyaları İnstitutunun keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq qeyd edib ki, 50 il ərzində bu elmi müəssisədə fundamental tədqiqatlar aparılıb, informasiya cəmiyyəti və informasiya texnologiyalarının inkişafı istiqamətində ciddi nailiyyətlər əldə olunub, institutda onlarla fəlsəfə doktoru, bir neçə elmlər doktoru yetişdirilib.

“Artıq institut respublikamızda və regionda informasiya texnologiyaları sahəsində prioritet elmi istiqamətlərdə aparılan tədqiqatlara görə sayılıb-seçilən təşkilata çevrilib. Bu uğurlar əməkdaşlarımızın, alim və mütəxəssislərimizin gərgin əməyi və zəhmətinin məntiqi nəticəsidir”, – deyə R.Ələkbərov bildirib.

AMEA-nın müxbir üzvü, institutun şöbə müdiri texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova çıxışında akademiyanın mühüm elmi nəticələr əldə etdiyini, Azərbaycan elminin dünyada tanıdılması istiqamətində böyük nailiyyətlərə imza atdığını deyib. Bildirib ki, bu gün AMEA-da, eləcə də bizim institutda dünya elminin çağırışlarına və tələblərinə uyğun olaraq yeni elmi istiqamətlər müəyyənləşdirilib, hər bir tədqiqatçının qarşısına konkret vəzifələr qoyulub.

Müasir dövrdə ölkəmizdə gənclərin elmdə irəliləməsi və xarici ölkələrin nüfuzlu elm və təhsil qurumlarında təhsil almaları üçün geniş imkanların yarandığını qeyd edən professor bütün gəncləri yaradılmış bu şəraitdən istifadə etməyə, öz üzərində çalışmağa, beynəlxalq qrant layihələrində fəal iştirak etməyə çağırıb.

M.Məmmədova hazırkı şəraitdə Azərbaycan elminin dünya elminə inteqrasiyası üçün hər cür imkanların mövcud olduğunu qeyd edərək, bundan sonra ölkə elminin daha çox inkişaf edəcəyinə, elmə olan tələbatın artacağına inamını ifadə edib.

Sonra toplantıda AMEA-nın müxbir üzvü, institutun şöbə müdiri texnika elmləri doktoru Ramiz Alıquliyev çıxış edib. “Elmi fəaliyyət insan cəmiyyətində ən ali fəaliyyət növüdür”, – deyən alim elmin intellektual və uzunmüddətli xarakter daşıdığını, çətin, məsuliyyətli, eyni zamanda, şərəfli bir fəaliyyət olduğunu vurğulayıb.

R.Alıquliyev elmin cəmiyyətdə sosial münasibətlərin qurulmasında bir nömrəli fəaliyyət olduğunu qeyd edərək, onun bütün münasibətlərə təsir etdiyini, elmsiz cəmiyyət və inkişafın mövcud olmadığını bildirib.

AMEA-nın müxbir üzvü elm sahəsində fəaliyyət göstərən gənclərə bu yoldan çəkinməməyi, davamlı fəaliyyət göstərməyi, onlar üçün yaradılmış fürsətdən səmərəli istifadə etməyi tövsiyə edib. Şöbə müdiri, həmçinin Rusiya, Ukrayna, Belarus və digər ölkələrdə Elm Gününün qeyd olunması tarixi haqqında məlumat verib. O, Elm Gününün bu sahədə fəaliyyət göstərən insanların peşə bayramı olduğunu vurğulayaraq, hər kəsi bu önəmli gün münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İnstitutun baş elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova elmin inkişafı istiqamətində seçilmiş düzgün strategiya nəticəsində institutda ötən illər ərzində əldə olunmuş yüksək elmi nəticələrdən söz açıb. Z.Cəbrayılova son illər qadınların elmdə rolunun artdığını qeyd edərək institutda da əməkdaşların böyük bir qismini qadınların təşkil etdiyini və onların elmi fəaliyyətin aparıcı qüvvəsinə çevrildiyini bildirib. O, institut əməkdaşlarını Elm Günü münasibətilə təbrik edib, onlara elmi fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.

Sonra AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi dosent Hikmət Quliyev çıxış edərək Elm Gününün mahiyyətindən bəhs edib, onun digər əlamətdar günlərdən öz xüsusi çəkisinə görə fərqləndiyini vurğulayıb.

H.Quliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun elmi-tədqiqat müəssisəsi olmaqla yanaşı, ölkəmizdə informasiya cəmiyyəti ideologiyasının təlimi funksiyasını öz üzərinə götürmüş aparıcı mərkəzlərdən biri olduğunu qeyd edib, qurumun dövlətin bu sahədə olan siyasətinə böyük dəstək verdiyini diqqətə çatdırıb. O, 2001-ci ildən etibarən akademik R.Əliquliyevin rəhbərliyi ilə institutun informasiya cəmiyyəti və texnologiyalarının nəzəri problemlərinin araşdırılması istiqamətində uğurlu fəaliyyətinin nəticəsi olaraq elmi tədqiqatlarda yüksək nailiyyətlər qazanıldığını bildirib.

İnstitutun Veteranlar Şurasının sədri Təhmasib Fətəliyev şərəfli sahələrdən olan elmdə fəaliyyət göstərməyin böyük məsuliyyət və əzm tələb etdiyini vurğulayıb. O, məhz elm sayəsində bu gün bütün dünyanı əhatə edən koronavirus pandemiyası ilə mübarizənin mümkün olduğuna diqqət çəkib.

T.Fətəliyev elm olmadan cəmiyyətin inkişafını təsəvvür etməyin qeyri-mümkün olduğunu deyərək İnformasiya Texnologiyaları İnstitutunun Azərbaycan elminin inkişafına verdiyi töhfələrdən söz açıb.

Veteranlar Şurasının sədri institutun yaş tərkibinə görə ən gənc qurumlardan olduğunu bildirib, müəssisədə ümumilikdə 30 veteranın fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin institutun şöbə müdirləri – texnika üzrə fəlsəfə doktorları, dosentlər Əlövsət Əliyev, Firudin Ağayev, Məkrufə Hacırəhimova, Gülnarə Nəbibəyova və başqaları bu əlamətdar günün tarixi əhəmiyyətindən bəhs ediblər. Çıxış edənlər Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində institutun və bütövlükdə AMEA-nın qarşısına mühüm vəzifələrin qoyulduğu, bu vəzifələrin yüksək səviyyədə icrası prosesində hər kəsin fəal iştirakının zəruriliyini vurğulayıblar.

Exit mobile version