İlon Mask “Tviter”i qəzaya uğrayan təyyarəyə bənzədib

Tokio, 21 dekabr , /AJMEDIA/

Sahibkar İlon Mask eyniadlı sosial şəbəkənin sahibi olan “Tviter” kompaniyasını qəzaya uğrayan təyyarə ilə müqayisə edib.
AJMEDIA xəbər verir ki, kompaniyanın yeni sahibi bu fikri çərşənbə günü sosial şəbəkənin audio zalında onlayn olaraq səsləndirib.
“Əgər siz mən tərəfdən baxsanız, baş verənlər mühərrikləri yanan, panel cihazı işləməyən və yüksək sürətlə yerə çırpılan təyyarəni xatırladacaq”, – milyarder belə deyib. Eyni zamanda qeyd edib ki, kompaniyada xərcləri azaltmaq üçün onun tərəfindən həyata keçirilən siyasət 2023-cü ili itkisiz başa vurmağa imkan verəcək.
Xatırladaq ki, oktyabrın 27-də İlon Mask “Tviter”i satın aldığına dair müqavilə bağlayıb. Bundan dərhal sonra baş direktor Paraq Aqraval və maliyyə direktoru Ned Seqal da daxil olmaqla, rəhbərliyin bir sıra üzvləri işdən çıxarılıb. Mask, həmçinin direktorlar şurasını ləğv edib və kompaniyanın yeganə rəhbəri olub.
Dekabrın 18-də tviter səhifəsində sorğu təşkil edən sahibkar sosial şəbəkə istifadəçilərinə onun rəhbər postunda qalıb-qalmaması barədə sual ünvanlayıb və bildirib ki, səsvermənin nəticələrinə uyğun hərəkət edəcək. On iki saat sürən sorğuda 17,5 milyondan çox istifadəçi iştirak edib. Sorğu iştirakçılarının 57,5 faizi Maskın “Tviter” kompaniyasının rəhbəri postundan getməsinin lehinə, 42,5 faizi isə əleyhinə səs verib. Beləliklə, sahibkar özünə varis tapan kimi kompaniyanın rəhbəri vəzifəsini tərk etməyə hazır olduğunu açıqlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts